ABŞ ordusunda yeni birləşmə: Süni intellekt ön plana keçir
01.10.2026

ABŞ Silahlı Qüvvələrinin tərkibində yeni struktur formalaşdırılacaq.

Visiontv.az  CNN-ə istinadla xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset Virciniya ştatında yerləşən Kuantiko Dəniz Piyadaları Korpusunun bazasındakı çıxışında bu barədə məlumat verib.

Məlumata görə, ABŞ ordusunun yeni qurumu "Autonomous Warfare Command" (AutoWarCom) adlandırılacaq. Bu struktur  ABŞ ordusunun bütün qoşun növlərində pilotsuz döyüş əməliyyatlarının aparılmasına, həmçinin süni intellektə əsaslanan robotlaşdırılmış və avtonom sistemlərin inkişaf etdirilməsinə cavabdeh olacaq.

Heqset  Ukraynadakı müharibədən əldə olunan təcrübənin yeni hərbi birləşmənin yaradılması üçün əsas stimul olduğunu vurğulayaraq, Pentaqonun dronların və digər oxşar silahların alınması, sınaqdan keçirilməsi, eləcə də istifadəsi ilə bağlı yanaşmalarını yenidən nəzərdən keçirməli olduğunu qeyd edib. Bununla yanaşı, Heqset  ABŞ Silahlı Qüvvələrinin sıralarında baş zabitlərin sayının azaldılması prosesinin davam edəcəyini də bildirib.

Agentliyin məlumatına görə, onun əmri ilə iyirmidən çox yüksək rütbəli zabit işdən çıxarılıb - onların əksəriyyəti heç bir səbəb göstərilmədən və hər iki partiyadan olan qanunvericilərin narazılığına rəğmən vəzifələrindən uzaqlaşdırılıblar. Həmçinin, dördulduzlu generallar üçün nəzərdə tutulan vəzifələrin sayı ixtisar edilib ki, bu da zabitləri ordudan getməyə məcbur edir.

"AutoWarCom" strukturunun 2027-ci ilin oktyabr ayında fəaliyyətə başlaması planlaşdırılır və ona dördulduzlu general rəhbərlik edəcək.

visiontv.az