Leytmotiv sisteminin əsas prinsipi
18.12.2018

Leytmotiv sisteminin əsas prinsipi

Vision TV musiqi sevən oxucularına təqdim etdiyi məqalə leytmotiv terminin izahına, bu terminin  musiqidə mövcud olan xatırlatma termini ilə müqaisəsinə  həsr olunmuşdur. Bu məqalədə məşhur rus və Qərbi Avropa bəstəkarlarının opera janrında istifadə etdikləri leytmotiv sisteminin istifadə olunduğu operalardan nümunələr öz əskisi tapmışdır.Musiqidə  adı çəkilən leytmotiv termini  bədii ədəbiyyatda da geniş  tətbiq  olunur və əsas mövzunun,  mövcud əhval-ruhiyyənin,  ədəbi-bədii əsərin əsas ideoloji  və emosional tonunun, əsas qəhrəmanın xarakterik xüsusiyyətinin təkrarlanması kimi özünü biruzə verir.  Təkrarlanma və ya dəyişmə prosesində leytmotiv  xüsusi ideoloji, simvolik və psixologi dərinlik əldə edir. Ədəbiyyatda leytmotiv yazıçının yaradıcılığının əsas mövzusunun bütövlükdə tematik elementlərin və ya ifadəli qrupların birləşməsinə əsaslanır.  Leytmotiv hər hansı bir frazanın, ideyanın, obrazın xarakterinə xas olan hansısa xüsusiyyətin  ya eyni ilə və yaxud da qismən dəyişilmiş şəkildə təkrarlanmasıdır. Ədəbiyyatda Marsel Prust, Tomas Mann və digərlərinin yaradıcılığında istifadə olunmuşdur.

   Leytmotiv termini geniş məna daşıyaraq hadisələrin gedişatı zəncirində əsas əhəmiyyət kəsb edir.

     Leytmotiv XIX əsrin sonu XX əsrin əvvəllərindən  balet və proqramlı instrumental musiqidə də tətbiq olunmağa başlamışdır. Kompleks, sistem  şəklində Alman bəstəkarı R.Vaqner tərəfindən onun operalarında istifadə olunmağa başlamışdır.

       Leytmotiv sistemindən danışarkən R.Vaqnerin (1813-1883) adı yada düşən ilk bəstəkardır.  R.Vaqner  opera islahatçısı kimi tarixdə iz qoymuş bəstəkar olmuşdur.  R.Vaqnerin opera islahatlarının  həyata keçirilməsində  ən mühüm addım  onun “Loenqrin” (1845-1850) operasında  leytmotiv sisteminin  inkişaf etmiş  sistem olması olmuşdur. Operada mövcud olan leytmotivlər sistemli şəkildə bir-biri ilə əlaqəli verilmişdir.  Leytmotivlərin əksəriyyəti operanın baş qəhrəmanı Loenqrin obrazı ilə əlaqəlidir.

     Musiqi elmində musiqinin məzmununun aşkarlanması, başqa sözlə məzmunun tətbiqi problemlərinin öyrənilməsinə diqqət yetirilir. Musiqi semantikası, musiqi məzmununun təşkili, etimologiyası, musiqi alətləri,  bədii nüfuz prinsipləri bir çox  rus musiqişünaslarının: B.Asafyev, İ.Barsova, V.Konen, L.Mazel, E.Meduşevski, E.Nazainski, E.Ruçevski və s. elmi əsərlərində tətbiq olunmuşdur. Leytmotiv və leytmotiv sisteminin problemlərinə bir çox tanınmış rus musiqişünasları öz məqalələrində, monoqrafiyalarında, dissertasiya işlərində toxunmuşlar.  Nəzəri və tarixi məlumatların  bu mövzuda çoxluğuna baxmayaraq  leytmotiv və leytmotiv sistemi haqqında işlər yetərli dərəcədə deyildir. 1.Leytmotiv problemlərinə həsr olunmuş geniş tərkibli əsər kimi  “Musiqi sənəti” mövzusunda Y.Eykert (7), M.Qaluşkonun “XIX əsrin II yarısında alman romantik operasında leytmotivin musiqili-dramatik funksiyaları” adlı tədqiqatı (4) nümunə göstərə bilərik. Müəllif bu işində leytmotiv termininin mənşəyi, müxtəlif  işlərdə onun şərhinin təhlilini vermişdir.

 Bu dissertasiya işində  leytmotivin   öyrənilməsində iki istiqamət öz əksini tapmışdır:

1.  leytmotivin semantikası və quruluşu istiqamətindən təhlili

2.  struktur cəhətdən  təhlili

 Bu baxımdan M.Qaluşko leytmotivin tərifini verir və yuxarıda qeyd olunan yanaşmaları birləşdirməyə çalışmışdır.

      Leytmotiv -  təkrarlanan musiqinin  təkrarlanmasında musiqi görüntüsünün formalaşması və transfarmasiyası, intonasiya xüsusiyyətinə xidmət edən musiqi əsərinin tematik elementlərindən biridir. Leytmotivin belə tərifi olduqca geniş və izahlıdır.

Alman romantik  operasında  leytmotivlərdən istifadə etmək  şərtlərindən  danışarkən yazıçı Zante-Kolf tədqiqatlarına istinadən “xatırlatma” motivləri,  həmçinin K.Vernerin operada leytmotivin tədqiqi ilə bağlı əməyi xüsusi qeyd olunmalıdır.

Beləliklə, Vernerdən sonra M.Qaluşko “xatırlatma və leytmotivləri” bir-birindən müstəqil və hətta ziddiyyətli anlayışlar hesab edir. Buna baxmayaraq bəzi hallar mübahisələrə səbəb ola bilir. Xüsusilə də xatırlatma və leytmotiv  mahiyyətin təsviri,  bu konsepsiyanın qarşılıqlı təsiri,  onların fikir  ayrılığı da belə mövzulardandır.  Məsələn: V.Protopopov M.Qlinkanın  “İvan Susanin” operasına aid tədqiqində qeyd edir ki, “Qlinka da xatırlatmanın qəbulundan başlayıb lakin bu ənənələrlə məhdudlaşmırdı,  operanın bütün görünüşlərini əhatə edən musiqinin təkrar sistemini yaratdı və leytmotivlərin təməlini qoydu”.  Belə bir suallar meydana gəlir .

1 . Leytmotiv və xatırlatmanın fərqi nədir ?

2. Bu iki  bir-biri ilə əlaqəli hadisələri fərqləndirən hansı xüsusiyyətlər

mövcuddur ?

      Bu suallara cavab verməzdən öncə leytmotiv və xatırlatmanın bəzi xüsusiyyətlərinə nəzər salaq.

1. Xatırlatma və leytmotivin oxşar cəhətlərini müəyyənləşdirmək

2. Xatırlatma və leytmotivin tipologiyasını müəyyən etmək

3. Simfonik inkişaf kontekstində musiqi-dramatik xatırlatma və leytmotivin inkişaf yollarını müəyyənləşdirmək

Təkrarlama- ilk növbədə musiqi qabiliyyətinin psixologiyasının xüsusiyyətinə görə, zehni fəaliyyətin, insan düşüncəsinin vacib elementlərindən biridir, inkişafda öz tendensiyalarına malikdir

  • Xatırlatma və leytmotiv  konseptual və dramatik hadisə kimi musiqi sənətinin və musiqili teatrın inkişafında uzun və çox maraqlı tarixə malikdir
  • Xatırlatma və leytmotiv  xüsusilə romantik dövr bəstəkarlarının əsərlərində geniş yayılmışdır və  musiqi təcrübəsində davamlı bir mövqe tutur
  • Leytmotiv mövzunun daha aydın şəkildə qavranılmasına  kömək ola bilir
  • Leytmotivdə musiqinin təkrarı onun əvəzolunmaz atributudur

Bu  sistemin  hər bir fərdi vəziyyətində vəzifələrə əsasən fərqli şəkildə fəaliyyət göstərdiyini düşünmək çox vacibdir.  Musiqidə xatırlatma təkcə  onun səslənmə anında baş verən hadisə deyildir, bir dəfə mövcud hadisənin, hissin və nəticə olaraq əsərin dramaturgiyasında müəyyən psixoloji vəziyyətin xatırlanmasıdır.  Xatırlatmanın iki növü var:

1. Repriza tipli xatırlatma. Xatırlatmanın bu növündə yəni əsərdə bir xatırlatma vəziyyətində müəyyən  bir motiv və ya mövzunun təkrarlanması baş verir

2. Reprizasız xatırlatma. Bu növdə  bir qayda olaraq  musiqi mətnlə, hadisələr, qəhrəmanlar və s. xatırlanır, belə xatırlatma  verilmiş əsərdə  yalnız qəhrəmanların xatirələrində xatırlanır.

 Xatırlatmanın reprizalı tipində musiqinin dramatik funksiyaları aşağıdakı hissələrə ayrılmışdır :

1. Obraz-emosional mahiyyət xatırlanır

Əsər boyu səslənmiş mövzunun dəqiq və ya qismən təkrarlanmasıni biz  İ.Qlinkanın “İvan Susanin”  operasında IV səhnədə Sobininin ariyasında görə bilərik.

2. Xatırlatmada təsdiq dedikdə isə  ilk növbədə obraz-məzmunun dəyişilməsinə, həmçinin musiqi vasitələrinin tərzinin dəyişdirilməsi nəzərdə tutulur. R.Şumanın “Şairin məhəbbəti” və “Qadının həyatı və sevgisi” vokal əsərlərində, P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasında müşahidə olunur. 

     Leytmotiv sisteminin ümumi xarakteristikasından danışarkən rus opera musiqisində öz üslubu ilə seçilən  P.İ.Çaykovskinin  (1840-1893) “Qaratoxmaq qadın”   operasında  mövcud olan bəzi leytmotivlərə nəzər salaq.

      Leytmotivdən danışarkən  hər şeydən əvvəl ilk növbədə dramatik hərəkətin obyekti olması, ikincisi isə onun inkişafı üçün zəruri olan şərtlərlərin mövcudluğunun olması  nəzərə çatdırılmalıdır. Beləliklə də, qəhrəmanların hər hansı bir emosional vəziyyətini şərh edən leytmotivlərə misal olaraq,   Germanın 2 əsas  leytmotivini qeyd edə bilərik.  Bu iki leytmotiv  - Germanın  Liza haqqında xəyalları və kartların sirlərini bilmək üçün olan leytmotivlər   bir-birinə çox yaxındır.

Müəllifin dramatik düşüncəsinə görə birinci leytmotiv  məhəbbətlə bağlıdırsa, ikincisi  əksinə ölümlə bağlıdır. German cəmiyyətdə ucalmaq, öz arzularını reallaşdırmaq üçün özünə şərait yaradır, ikincisi hadisələrin gedişatından asılı olaraq Liza ilə əlaqəsi sayəsində qrafiniyanın yataq otağına daxil olmaq imkanı qazanır və ikinci ehtiras özlüyündə sona çatır. Karta olan ehtiras leytmotivləri Lizanın xəyallarının leytmotivlərinin dəyişməsindən  yaranmışdır.

     Operanın simfonik inkişafında leytmotivlər və leyttemalar çox vacib rol oynayır.  Onlar dramın əsas ideyasını  ifadə edirlər. İlk növbədə Germanın qrafinyanın təsviri ilə bağlı leytmotiv olüm simvolu olan 3 kartın simvoluna çevrilir.  Bu ardıcıllıq struktur cəhətdən 3 hissədən ibarətdir.

Leytmotiv sekvensiya həmişə orkestrdə keçir, öz təbiəti instrumentaldır.

Tomskinin balladasında vokal partiya, ilk dəfə leyt obraz kimi verilmişdir.

II leytmotivi fraza kimi adlandırmaq olar.

Tomskinin  balladasında “Üç kart, üç kart, üç kart” leytmotivi leytmotiv ardıcıllığı təşkil edir. Bu leytmotiv  Germanın  “Mən onun adını bilmirəm” mövzusuna çox oxşardır. Demək olar ki, hər iki mövzu bir-birindən yaranır.  Leytmotiv əhəmiyyəti kəsb edən məhəbbət mövzusu  ilk şəkildə saxlanılır, hansı ki, gələcəkdə 3 kartın  mövzusunda əsas rol oynayacaq.  Operanın III və IV şəklində  Germanın düşüncələrinin musiqili xarakteristikasında  çox vacib rol oynayır.  Məhəbbət mövzusu ilə  gizli bir sirr mövzusunun  bənzərliyi German xarakterinin psixoloji məzmununun mürəkkəbliyi nəzərə alınmaqla  düşünülmüş şəkildə yaradılmışdır. Lizaya olan məhəbbəti, kartların sirlərini öyrənmək onun arzusuna çevrilmişdir.

Operanın ən parlaq obrazı Germanın “Qoy ölüm, sənə xeyir dua verirə” leytmotivi verilmişdir.  Operada leyttemalar kontralı intonasiya sahələrinin inkişaf mənbəyidir.  İlk 2 leytmotiv qaranlıq dünya ilə əlaqəli tematik mənbəyi, üçüncü leytmotiv parlaq sevgi mənbəyinin yaranmasına xidmət edir.  Onlar həmçinin Germanın daxili hisslərinin açılmasına xidmət edirlər.

3. Xatırlatma imtina.

Belə müstəsna xatırlatma hallarına nümunə olaraq, Bethovenin IX  simfoniyasının girişində rast gəlinir ki, burada ilk üç hissənin mövzusu geri qaytarılır və inkar edilir.

Xatırlatma və repriz təbiət və musiqinin təzahürü  ilə bağlıdır.

Leytmotiv hərəkətlə sinxronlaşan bir hadisə, xatırlatma isə keçmişin bir xatirəsidir. Bununla əlaqədar olaraq, xatırlatma və leytmotivin dramaturji funksiyaları fərqlidir.

  • Belə əlaqəyə nümunə leytmotivin xatırlatma funksiyasını yerinə yetirmək qabiliyyətidir. Belə bir leytmotivə misal olaraq A.Verdinin “Traviata” operasında  III mövzusu ola bilər. (Violettanın Jermanın məktubunu oxuduğu zaman və operanın finalında səslənən sevgi mövzusu) ;
  • Digər hal hansı ki, xatırlatma leytmotiv ola bilir.  B.Musorqskinin “Boris Qodunov” operası. Bəzi məqamlarda Çar Dmitrinin mövzusu,  Pimenin hekayəsi, Borisin işgəncə mövzusu

Leytmotiv ilk növbədə məzmunu müəyyənləşdirən üsuldur. Obraz-məzmuna əsaslanaraq xarakterik leytmotivlərin aşağıdakı  növləri mövcuddur :

1. Xarakterlərin leytmotivləri;

2. Müxtəlif təbiət hadisələrinin leytmotivləri;

3. Fantastik obrazların leytmotivləri;

4. Simvolların, əşyaların leytmotivləri;

5. Mübahisəli, fəlsəfi düşüncələrin leytmotivləri (lakin hər hansı  bir mövzu ilə əlaqələndirilmir) nibelunqun üzüyündə tale leytmotivi;

6. Qəhrəmanların psixoloji vəziyyətlərinin leytmotivləri.

      Bəzən leytmotivlərə çox əhəmiyətli süjet əhəmiyyəti verilir. Leytmotivlər operada mənanı daha da dərinləşdirməyə imkan verir.  Məzmunundan asılı olaraq leytmotivlər bütövlükdə dramaturgiyanın inkişafına təsir göstərir.

     Leytmotiv sisteminə Azərbaycanın klassik bəstəkarı,  həmçinin librettoçusu Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəylinin müəllifi olduğu “Söyüdlər ağlamaz” operasında nəzər salaq.  

  “Söyüdlər ağlamaz” operasının  klavirin və partiturasının dəqiq təhlili zamanı operada bir neçə leytmotivin olduğu aydın şəkildə nəzərə çarpır.  Bəstəkar operanın ideya məzmunun açılmasında və bilavasitə musiqi ilə süjetin tematik bağlılığı göstərmək üçün leytmotiv prinsipini sistemindən istifadə etmişdir.

  Operada mövcud olan leytmotiv sistemindən danışarkən leytmotivləri qəhrəmanların portret xarakteristikasına uyğun olaraq qruplaşdıra bilərik:

1. Operadakı əsas obrazların leytmotivləri (Vüqar, Jalə, Murad, Əziz, Xəyalın leytmotivi)

2. Operada mövcud olan personajların  emosional hisslərinin (Məsələn: sevgi, nifrət, qisqanclıq, vətənpərvərlik  və s.) leytmotivləri

    “Söyüdlər ağlamaz” operasının  Giriş hissəsində   Əfrasiyab Bədəlbəylinin “Bayatı Şiraz” muğamı vasitəsilə təqdim etdiyi leytmotiv vətənpərvərlik milli ideologiyasının təcəssümü kimi tamaşaçında operanın qəhrəmani, mübariz  əhval-ruhiyyəsi  ilə  tanışlıq üçün  zəmin yaratmışdır. “Bayatı Şiraz” muğamı operanın əsas qəhrəmanı  olan vətənpərvər, mərd, qorxmaz  hərbiçi Vüqarın  leytmotivinə çevrilmişdir. Burada  “Bayatı Şiraz” muğamı qəhrəmanlıq, vətənpərvərlik milli ideyası kimi verilmişdir. 1.Əfrasiyab Bədəlbəylinin bu ideyasından daha sonralar digər Azərbaycan bəstəkarları da öz yaradıcılıqlarında müxtəlif janrlı əsərlərində bəhrələnmişlər.

______________________________________________________________

1.Xalq artisti, Əməkdar incəsənət xadimi Polad Bülbül oğlunun “Dədə Qorqud” dastanının motivləri əsasında  yazdığı “Eşq və ölüm” baleti .

 

  Vüqarın digər “Bayatı Şiraz” muğamına əsaslanan daha  iki leytmotivi  onun  operanın I pərdəsində monoloqunun girişində instrumental və orta hissəsində  vokal partiyada “Qoy var olsun!” sözləri ilə başlayan mövzusunda   verilmişdir.

Vüqarın “Bayatı Şiraz” muğamına əsaslanan vətənpərvərlik leytmotivi operanın II pərdəsində bir daha səslənir. Vüqarın  atası Muradla olan  səhnəsində orkestr partiyasının verilmiş bu leytmotiv simvolik məna daşıyaraq opera dramaturgiyasının inkişafımda böyük əhəmiyyət kəsb edir.   Belə ki, operanın librettosundan aydın olur ki, son döyüşə gedərkən Vüqar öz davamçısının ondan sonra Vətəni qoruyacaq bir oğlunun olmasını yadına salır. Bu səhnədə atası nəvəsi olacağı xəbərini oğlu Vüqara  çatdırır və onu təbrik edir.

        Onu da xüsusilə qeyd etmək lazımdır ki, Vüqarın vətənpərvərlik leytmotivi operada xatırlatma kimi də verilmişdir. Operanın III pərdəsində Vüqarın anası Xəyal xanım öz oğlanlarını yada salan zaman məhz Vüqarı düşünəndə “Bayatı Şiraz” muğam intonasiyaları eşidilir.

    “Söyüdlər ağlamaz” operasının digər qəhrəmandan biri də Vüqar və Əzizin anası  Xəyal xanımın da operada leytmotivlərinin olduğunu qeyd etmək lazımdır.  Bu obrazla  biz daha ətraflı onun Ana balladası vasitəsilə tanış oluruq.  Əfrasiyab Bədəlbəyli Xəyal xanımın və onun keçmiş həyat yoldaşı Muradın obraz-məzmunun açılmasında ballada janrına müraciət etmişdir.

Xəyalın Ana balladasında onun I mövzusu, daha sonra II mövzusu, operanın sonuncu səhnəsində isə I mövzusu leytmotiv kimi verilmişdir. III pərdədə səslənən  Ana Balladasında  Xəyal dərviş və ananın rəvayətini yadına salır.  Dərviş anadan onun oğlanları, onların hamısının vətənə sadiq olub olmamaqlarını xəbər alır.  Bu zaman Bayatı –Şiraz muğamına əsaslanan oğlu Vüqarın leytmotivinin xəyal kimi anasını yadına düşməsi onun öz oğullarını yada salaraq bir növü onlara qarşı  Xəyal xanımın gözünü açılması kimi qiymətləndirilər. Məhz bu səhnədən sonra o digər oğlu Əzizi xalqa təslim edir. 3 dəfə təkrarlanan popevka oxuma tərzində verilən Xəyal xanımın leytmotivini “vicdan əzabı”  leytmotivi kimi adlandırmaq olar. 

     Həmçinin operanın sonuncu yəni III pərdəsində Xəyal xanımın evində Vüqarın fəxri fərman alması münasibəti ilə onu təbrik etməyə gələnlərin arasında gəlini Jalənin onunla duet səhnəsində Vüqarın leytmotivi xatırlatma kimi verilmişdir.

      “Söyüdlər ağlamaz” operasında mövcud  olan personajların  emosional hisslərinin (Məsələn: sevgi, nifrət, qisqanclıq, vətənpərvərlik  və s.) leytmotivlərindən digəri də Vüqarın sevgilisi Jalə ilə bağlı olan məhəbbət leytmotividir.

   I pərdənin II şəklində “Söyüdlər ağlamaz” ariyasında  Vüqar və  Jalənin duet səhnəsində  onların  məhəbbət mövzusu  leytmotivi verilmişdir. 

Onu da qeyd etmək lazımdır ki, Vüqar və Jalənin məhəbbət leytmotivindən başqa operda verilmiş  balet və  Vüqarın monoloqunda I pərdədə və  II pərdədə Vüqarın cəbhə mahnısında səslənən vals  ritmləri sevgililərin leyt janrına çevrilmişdir.

Vüqar və Jalənin məhəbbət leytmotivi  növbəti dəfə operanın II pərdəsində  Vüqar  və  atası Muradın səhnəsində xatırlatma şəklində verilmişdir. Bu səhnədə Vüqar həyat yoldaşı  Jalədən məktub almışdır, Murad oğlunu  ata olacağı münasibəti ilə təbrik edir.

   Opera  ilk dəfə  1971 –ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur.

 

Лейла Джумаева

Диссертант Азербайджанской Национальной Консерватории

Основной принципы лейтмотивной системы

 

Резюме:Представленная статья посвящена раскрытию термина лейтмотив, как основной смыловой единицы - «напоминания» в музыке. В статье содержатся примеры использование системы лейтмотивов в оперном жанре известных русских  и западно-европейских композиторов.

 

Ключевые слова:термин, принцип, лейтмотив, система, oпера, Р.Вагнер, П.Чайковский.

Leyla Jumayeva

Dissertatos of Azerbaijan National Conservatory

Basic principle`s of leitmotif system

Summary: The submitted article is devoted to disclosure of the term a leitmotif as main symbol unit - "reminder" in music. Article contains examples use of system of leitmotifs in an opera genre of the famous Russians and Western European composers.

 

Keywords: term, principle, leitmotif, system, opera, R.Wagner, P.Tchaikovsky,

 

                                                                             Azərbaycan Milli Konservatoriyasının

             dissertantı Leyla Cuma qızı Cumayevanın

                                     Leytmotiv sisteminin əsas prinsipi

                                     mövzusunda təqdim etdiyi elmi məqaləyə

RƏY

        Verilmiş məqalədə leytmotiv sisteminin xarakteristikası alman bəstəkarı R.Vaqnerin “Loenqrin” və P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operalarının timsalında nəzərdən keçirilmişdir. Bildiyiniz kimi, musiqidə leytmotiv termini haqqında danışarkən ilk ağla gələn bəstəkar Alman bəstəkarı R.Vaqnerdir. R.Vaqner ilk dəfə olaraq öz yaradıcılığında sistemli şəkildə istifadə etmişdir.  Məqalədə musiqi semantikası, musiqi məzmununun  tə.kili, etimologiyası, musiqi alətlərinin öyrənilməsində musiqişünaslardan B.Asafyev, İ.Barsova,  V.Konen, L.Mazel və digər musiqişünasların adları çəkilmişdir.  O, da xüsusiylə qeyd olunur ki, leytmotiv mövzusunda  elmi məqalələr, dissertasiya işləri yetərli dərəcədə deyil. Alman romantik operasında leytmotivlərdən danışılarkən  yazıçı Zonte- Kolf tətqiqatlarına istinadən xatırlatma motivləri, həmçinin Vernerin operada leytmotivlərlə tətqidi ilə bağlı əməyi xüsusi qeyd olunmalıdır.

    Dissertant  Leyla Cumayevanın   təqdim etdiyi məqalədə həmçinin musiqidə mövcud olan xatırlatma və leytmotiv terminlərinin oxşar  eyni zamanda fərqli cəhətlərinin geniş izahatı verilmişdir. Bunları nəzərə alaraq, məaqlənin çap olunmasını məqsədə uyğun hesab edirəm.

 

Müəllif: Cumayeva Leyla Cuma qızı