“Azərbaycanda ilk dəfədir belə iyul ayı müşahidə olunur” - Orqanizmi məhv edən hava
24.07.2019

Son günlər hava qeyri-sabit keçir: gah həddən artıq isti olur, gah da güclü küləklə müşahidə olunan ağır bir hava. Belə hava şəraiti isə yay fəsli üçün anormaldır. 

Bəs bu cür havanın hansı fəsadları olur? 

Məsələ ilə bağlı danışan pediatr Vaqif Qarayev bildirib ki, havanın tez-tez dəyişməsi insan orqanizminə, sağlamlığına mənfi təsir edir:

“İndiki havalar qəribədir. Açığı, bu yaşıma kimi iyulda belə hava müşahidə olunduğunu görməmişəm. Heç yadıma gəlmir. Təbiətin bu şıltaqlığına qarşı heç nə edə bilmərik. Amma mütləq özümüzü qorumalıyıq. Yüngül geyinirik, hərəkət etdiyimiz üçün də tərləyirik. Sonda da soyuq hava təri yapışdırır. Bununla da müqavimət düşür və xəstələnmə prosesi başlayır. Havaya uyğun geyinmək lazımdır. Ehtiyat üçün nəsə götürmək lazımdır. Çünki hər saat hava dəyişir. Dünən axşam bərk bürkü var idi. Gecə saatlarında isə külək əsməyə başladı. Artıq havanın necə olacağını öncədən hesablamaq olmur”.  

Mütəxəssisin sözlərinə görə, bu cür havaların insanlara təkcə fiziki baxımdan deyil, psixoloji cəhətdən də təsiri var:

“İnsanların ovqatı olmur, kefləri olmur. Ovqatın pozulması da müqavimətə, immunitetə  çox təsir edir. Belə ki, insanlar saatlarla kefi olmadan oturursa, müqavimət düşür. Aktivlik olmur, iş qabiliyyəti və ünsiyyət pozulur. Bu da psixoloji baxımdan təsir edir”. 

Vaqif Qarayev bu ayda küləkli havanın olması səbəbindən allergik xəstəliklərin artaraq, kəskinləşəcəyini vurğulayıb: 

“Kimin toza qarşı allergiyası varsa, bu halı yaşayacaq. Toz həm də özü ilə xəstəliktörədicilər gətirir. Onlardan qorunmaq lazımdır. Uşaqları, əsasən, çirkli və tozlu məkanlardan uzaq tutmaq lazımdır”. 

Pediatr əlavə edib ki, insanlar özlərini qorumaq şərti ilə daha çox havada olmalıdır: 

“Hər fəslin özünün iqlim dəyişiklikləri olur. Amma indi - iyul ayında hava isti olsa da, külək əsir. Bu, insan sağlamlığına kifayət qədər təsir edə biləcək faktordur. Məsələn, iyul ayının sonları olduğu üçün evdən yüngül geyimlə çıxırlar. Birdən hava soyuyur, külək əsir. Orqanizm isə iyul ayına adaptasiya olunub, amma havanın temperaturu buna öyrəşməyə imkan vermir. Bu zaman mütləq müqavimət düşür”. 

V.Qarayev yay qripindən də danışıb. Bildirib ki, bu xəstəlik zamanı orqanizmin müqavimət gücü aşağı düşür, yay qripinə daha çox uşaqlarda rast gəlinir.

Bununla belə, pediatr həm uşaqların, həm də böyüklərin havada daha çox vaxt keçirməli olduqlarına diqqət çəkib:

“Ümumiyyətlə, bütün fəsillərdə hava lazımdır. Ən çox isə uşaqlar üçün hava çox vacibdir. Son vaxtlar D vitamini çatışmazlığı, az qala, epidemiya şəklini alıb. Bəs Azərbaycan kimi günəşli ölkədə bu, necə baş verir? Hazırda bütün dünya tibbində bu müzakirə olunur”.(oxu.az)