Heç bilirsiniz Qəzzada Həmas, Livanda Hizbullah və Suriyada Bəşər Əsəd məğlub olana qədər İran bu bölgəyə neçə milyard dollar pul xərcləyib? Milyard nədir, Tehran rejimi on illərdir bölgəyə bəlkədə bir trilyon dollara yaxın pul xərcləyib, “Şiə hilalı”, “müqavimət cəbhəsi” yaratmışdı. İran bu layihəsi ilə on illərdir milyonlarla insanı terrorun girovuna çevirib, yüz minlərlə həyat məhv etdi. Bu günə qədər milyonlarla suriyalının ev-eşiyi dağıdılıb, özləri də qaçqın vəziyyətdə zülm çəkirlər. Bu qədər insanı geri gətirmək, onlar üçün ev-eşik tikmək, infrastruktur yaratmaq üçün uzun illər lazımdır. Milyardlarla dollar pul xərcləmək üçün vəsait axtarıb tapılmalıdır. Özü də bu cür vəziyyət tək Suriyada yox, Qəzzada və Livanda da höküm sürür.
Yəni Tehran rejimi bu bölgəni illərdir elə bir vəziyyətə qoyub ki, hətta mollalardan canlarını qurtarsalar belə yenə də uzun illər əzab-əziyyət içində yaşayacaqlar.
Sizə maraqlı bir sual verim, elə cavabını da özüm verəcəm. Heç bilirsiniz Tehran rejimi nə vaxt məğlub oldu? Nə vaxtdan mollaların qurduqları bu “müqavimət cəbhəsi” yarılmağa başladı? Yox Qəzzada yox, “Müqavimət cəbhə”sinin yarılması Qarabağda baş verdi. 2-ci Qarabağ savaşında ermənilərlə bir yerdə fars-molla rejimi də məğlub oldu. Bütün dünyanı və Yaxın Şərqi terrorla şantaj edən Tehran rejiminin toxunulmaz olmadığını 2-ci Qarabağ savaşında biz nümayiş etdirdik. Bütün hərbi, iqtisadi, terror gücü ilə ermənilərə dəstək verən fars-molla rejimi Qarabağda tam məğlubiyyətə uğradı. Bunu özləri də gözəl bilir. Çünki Qarabağda separatçı-daşnak rejimi üçün ciddi müdafiə sistemi quran, Tehranın bütün maxinasiyalarını, çirkli pulların yuyulmasını, narkotik, orqan və insan alverindən Sarkisyan, Koçəryan, Seyran Ohanyan, Vardanyan kimiləri ilə pul qazanan SEPAH sona qədər ermənilərlə bir yerdə Azərbaycan ordusuna qarşı mübarizə apardı. Ona görə mübarizə apardı ki, Qarabağın itirilməsi Qəzzada, Livanda, Yəməndə, Suriyada bəslədiyi terror güclərin maliyyəsinin kəsilməsinə səbəb olacaqdı. Tehran rejimi ermənilərlə bir yerdə Qarabağ bölgəsindən istifadə etməklə milyardlarla dollar pul qazanırdı. Və bu pulların çox qismi Yaxın Şərqdə saxladıqları terrorçulara gedirdi. Özlərindən arxayın olan molla rejimi bir gün ayıldı ki, Qarabağ əldən gedib. Azərbaycan ordusu erməni separatçılarını kürüyüb töküb Ermənistana. Bax bu dönüş nöqtəsindən Tehran rejiminin problemləri başladı. Azərbaycan bütün dünyaya sübut etdi ki, separatçıları və terrorçuları məhv etmək olar və bunun yolunu göstərdi. Bununla da Tehran rejiminin bölgəmizdən başlayaraq Yaxın Şərqə qədər hördüyü hörümçək toru çözülə-çözülə dağılmağa başladı. Nəticəni isə hamınız görürsünüz. Tək bizim bölgə yox, bütün Yaxın Şərq yavaş-yavaş nəfəs almağa başlayıb. Amma Tehran rejimi öz məğlubiyyətini belə rahatlıqla həzm etməyəcək. Azərbaycan üçün yaratdığı süni “Zəngəzur dəhlizi” problemini əminəm ki, Livanda, Suriyada da başqa bir formada yaradacaq. Artıq hədəf belə seçib. Bu hədəfi isə adı çəkilməsə də Xamenei müəyyən etdi. O Bəşər Əsəd rejiminin süqutundan sonra ilk dəfə bu barədə danışaraq dedi ki, bu hadisələrin baş verməsində ABŞ və İsraillə yanaşı Suriyaya qonşu olan ölkənin də rolu olub. Qonşu təbii ki, Türkiyəni nəzərdə tutur. Xamenei çıxışının davamında yenə də qələbədən danışıb və "müqavimət cəbhəsi" adlandırdığı proksi qüvvələrinə motivasiya verməyə çalışıb. İran rəhbəri "müqavimət cəbhəsi" adlandırdığı bölgədə özünə bağlı terror qruplaşmalarının qələbə qazanacaqlarından və təzyiqlər qarşısında daha da güclənəcəklərindən, bütün bölgəyə yayılacaqlarından danışıb. Əli Xamenei, Bəşər Əsədin süqutundan sonra İranın gücsüzləşdiyini deyənləri "cahil" adlandırıb, bunun belə olmadığını, İranın daha da güclənəcəyini iddia edib. Amma hadislər heç də Xamenei dediyi kimi getmir. Bəşər Əsədin devrilməsindən sonra İran hakimiyyəti içində, xüsusən SEPAH-da ciddi qarşıdurmaların yarandığı barədə məlumatlar yayılır. Bir sıra rəsmilər və SEPAH komandirləri Qüds qüvvələrinin komandiri İsmayıl Qaanini Suriya ilə bağlı tədbir görməməkdə və hadisələri Tehrandan izləməkdə günahlandırırlar. Komandirlərin və rəsmilərin bir qismi isə İran hökumətini Suriya ilə bağlı hesablamalarda ciddi səhvlərə yol verməkdə ittiham edirlər. Xamenei isə həm güclü olduqlarını deyir, həm də Bəşər Əsədin devriləcəyini guya əvvəldən bildiklərini bildirir. Haqlı sual yaranır bəs güclüsənsə və xəbərin varıydısa niyə tədbir görmədin? O deyib ki, bir neçə ay əvvəldən Suriya hökumətinə kəşfiyyat məlumatları verib və gözlənilən təhlükə barədə lazımi xəbərdarlıqlar edilib: "Bizim təhlükəsizlik və kəşfiyyat təşkilatlarımız bir neçə ay əvvəl Suriya rəsmilərinə məlumatlar ötürüb və onları baş verə biləcək hadisələr barədə məlumatlandırmışdılar. Bilmirəm bu məlumatlar onlara çatıb ya yox? Bəlkə də arada itib batıb və onların bundan xəbəri olmayıb". Yenə sual yaranır. Bu necə dövlətdir ki, gizli kəşfiyyat məlumatları əldə edir və ölüm ya qalım məsələsi olan bir xəbər yollarda it bata düşür. Deməli söz xatirinə deyilən feyk bir fikirdir. Əli Xamənei Bəşər Əsədin devrilməsini düşmənlərin işi adlandırıb və bununla bağlı İran rəsmilərinə də ayıq olmalarını tapışırıb: "Suriyada baş verən hadisə bizim hər birimizə, məmurlarımıza həm dərs, həm də ibrət olmalıdır. Bu məsələnin dərslərindən biri də ehtiyatsızlıq, düşmənə etinasızlıqdır; Bəli, bu hadisədə düşmən cəld hərəkət etdi, hadisədən əvvəl bilməli idilər ki, düşmən tez hərəkətə keçəcək".
İranın dini rəhbəri ona görə belə danışır ki, yüz faiz əmindir, Suriyadan sonra növbədə Tehran rejimidir. Ona görə həyacan siqnalı çalır ki, ayıq-sayıq olun. Amma sıçanlar gəmidən qaçır artıq. Livanda ABŞ səfirliyinə sığınan SEPAH-ın Qüds qüvvələrinin 6 yüksək rütbəli zabit, 3 iranlı podratçı zabit və diplomatlar başlanğıcdır. Tehran rejimi bu faktı gizlətsə də, artıq Amerika tərəfi baş verənləri təsdiqləyib. Amerikalılar Livan Xarici İşlər Nazirliyinə bildiriblər ki, bu insanlar özləri İrana qayıtmamağı xahiş ediblər, ABŞ və ya Qərb ölkələrindən sığınacaq istəyiblər. Amerika səfirliyinin rəsmisi iddia edib ki, briqada generalı rütbəli müşavirlərdən biri İran daxilində gizli hərbi yerlər barədə konkret məlumat müqabilində sığınacaq almağa zəmanət istəyib. Dediyim kimi, bu hələ başlanğıcdır. Bunun ardı sürətlə və zəncirvari davam edəcək. Suriyada baş verənlərlə bağlı Tehran Universitetinin professoru Kiyumərs Əştəriani də maraqlı açıqlama verib. Kiyumərs Əştərian “İran diplomatiyası” saytında yazır ki, Türkiyənin Suriya müxalifəti üzərində hökmranlığı eyni zamanda onlarla çalışmağın çətinliyini həm azaldır, həm də artırır: “Müxaliflər Suriyanın şimalında işğal etdikləri ərazilərdə və Türkiyənin təhlükəsizlik qüvvələrinin dəstəyi ilə topladıqları təcrübə nəticəsində siyasi-iqtisadi quruculuq və formalaşmanı öyrəniblər. ABŞ və İsrailin razılığını qazanmaq üçün Türkiyənin köməyi ilə regional oyunun qaydalarını anlayıblar. Sitatın sonu. Güc meydanının yeni xəritəsi nədir və onun diplomatik fəaliyyət üçün hansı imkanlarının olmasını sorğulayan professor bildirib ki, diplomatiya yalnız dost və qardaş ölkələrə səfər etmək deyil. Diplomatiya rəqiblərlə və düşmənlərlə işləmək bacarığıdır. Onun sözlərinə görə, Suriya üzərindəki proksi qüvvələrinin üstünlüyü ilə oyunun qalibi müvəqqəti olaraq Türkiyədir. Sitat: Bundan sonra yalnız bölgədə deyil, Şərqi Avropada da güc oxu Türkiyə olacaq və bu, İran da daxil olmaqla bütün aktyorlar üçün yeni müsbət və mənfi imkanlar yaradacaq. Türkiyənin növbəti layihəsi Zəngəzurla bağlı “təxribatların” davam etdirilməsi, Yunanıstan, Kipr, İraq və İran sərhədlərində öz maraqlarına uyğun mübarizə aparmaq və təbii ki, Avropada rolu olacaq. İranın bu sahələrdə necə oynaması çox düşünməyi tələb edir. Rusiyanın isə beynəlxalq və regional rolu çox zəifləyir”.
Şöhrət El-Dəniz
visiontv.az