Gunaz TV-nin məlumatına görə, Təbrizdən daxil olan yerli mənbələrin bildirdiyinə əsasən, SEPAH Şərqi Azərbaycan vilayətində yerləşən kiçik tökmə sexlərinə müraciət edərək bu obyekt sahiblərindən raket hissələrinin hazırlanmasında əməkdaşlıq etməyi istəyib.
Yerli mənbələrin sözlərinə görə, adətən təxminən 30 işçi ilə fəaliyyət göstərən bu karxanalar təzyiq və əlaqə cəhdlərinin hədəfinə çevrilib. Bəzi hallarda karxana sahibləri əmək haqqı və əməkdaşlıq şərtləri ilə maraqlansa da, SEPAH bildirib ki, işçilərin birbaşa iştirakı lazım deyil və qurumun öz qüvvələri karxanaların daxilində raket və pilotsuz uçuş aparatlarının hissələrini istehsal edəcək.
Bu məlumatlara əsasən, sözügedən addım böyük raket istehsalı mərkəzlərinin və zavodların hədəfə alınaraq zərər görməsindən sonra atılır. Eyni zamanda bildirilir ki, raket anbarları da geniş şəkildə vurulub və İran hakimiyyətinin raket ehtiyatları tükənmək üzrədir.
Mənbələr vurğulayır ki, SEPAH kiçik və dağınıq özəl karxanalardan istifadə etməklə raket və pilotsuz aparat hissələrinin istehsalını qeyri-mərkəzləşdirilmiş şəkildə, İsrail və ABŞ-ın diqqətindən kənarda davam etdirməyə çalışır.
Onların sözlərinə görə, bu yanaşma hərbi təchizat sahəsində yaranmış böhranı və mövcud çatışmazlığı məhdud və qeyri-rəsmi imkanlarla aradan qaldırmaq cəhdini göstərir.
visiontv.az