Rusiyapərəst gürcülər qərbpərəst gürcülərə qalib gəldi...
Rusiyapərəst gürcülər qərbpərəst gürcülərə qalib gəldi...
16.12.2024 Bəybala Mirzəyev Tərəfindən

Hakim “Gürcü Arzusu” partiyasının namizədi olan Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçildi.

Özünü etiraz hərəkatının başçısı sayan Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili isə bütün cəhdlərinə rəğmən, “Gürcü Arzusu”un namizədinin prezident seçilməsini heç cürə əngəlləyə bilmədi.

Beləliklə, Gürcüstanın qərbpərəst siyasi qüvvələri bu raundda uduzdular. Həm də böyük hesabla uduzdular. Və onların uduzmalarının əsas səbəbkarlarından biri də elə Salome Zurabişvilidir. Bu cür uğursuz, zəif və tükənmiş bir liderlə özünü kifayət qədər güclü və arxayın hiss edən "Gürcü Arzusu"na qalib gəlmək qeyri-mümkün idi.

Salome Zurabişvilinin Fransa prezidentinə ümid bəsləməsi də yersiz gözləntidən başqa bir şey deyildi. Özünə umac ova bilməyən Makronun S.Zurabişvili üçün promouterlik edib, onu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təqdim etməsi də gürcü qərbpərəstlərini labüd məğlubiyyətdən xilas edə bilməzdi.

P.S.

Makronların, zurabişvililərin erası bitir. Qərbyönümlü gürcülər rusiyayönümlü rəqiblərini siyasi səhnədən uzaqlaşdırmaq üçün yeni liderlərlə yola çıxmalıdırlar.

P.S.S.

Fransa prezidentinin gürcülərə çağırışında bir yandan, "Avropa qorxutmur, təhdidlərdən istifadə etmir, Avropa xaos səpməyə çalışmır, Avropa qonşularını sabitliyi pozmağa və ya müharibə və ya hibrid üsullarla tabe etməyə çalışmır",- bəyanatı ilə Avropa İttifaqını az qala "geosiyasi mələk" obrazında təqdim etməyə çalışması, o biri tərəfdən isə "Gürcü Arzusu–Demokratik Gürcüstan" Partiyasının qurucusu Bdzina İvanişviliyə zəng vurub, onunla sövdələşməyə çalışması, əslində, Fransanın bu dəfə Gürcüstan üzərindən regiona növbəti müdaxilə cəhdidir. Makron həmişəki kimi riyakarlıq edir.

Bəybala Mirzəyev

visiontv.az