Qlobal siyasətdə təcrübəli liderlərin az olması dünya üçün mənfi nəticələrə gətirib çıxardıb
Qlobal siyasətdə təcrübəli liderlərin az olması dünya üçün mənfi nəticələrə gətirib çıxardıb
12.12.2024 Bəybala Mirzəyev Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Qaziantep vilayətində gənclərlə söhbəti zamanı dünya liderləri ilə bağlı fikirlərini açıqlayarkən, “Hazırda dünyada yalnız iki təcrübəli lider qalıb. Mən və Vladimir Putin",- bəyanatı ilə çıxış etməsi nə siyasi eqoizmin və qocalıq marazmının təzahürüdür, nədəki Putinin zəif damarını tutmaq, onu tərifləyib sakitləşdirmək, yola vermək anlamına gəlmir.

Ərdoğanı belə bir şok açıqlama ilə dünya gündəmini zəbt etməyə sövq edən bir neçə önəmli məqamlar var.

Birincisi, o, bu açıqlaması ilə siyasi uzunömürlülüyün ölkəsi üçün faydalı olduğunu diqqət mərkəzinə gətirməyə çalışır.

İkincisi, hazırda qlobal siyasətdə təcrübəli liderlərin az olmasının dünya üçün mənfi nəticələrə gətirib çıxardığına diqqət çəkmək istəyir.

Üçüncüsü, dialoqun və siyasətin davam etdirilməsinin mövcud beynəlxalq problemlərin həlli üçün vacib olduğunu vurğulayır. Belə ki, kansler Angela Merkel getdikdən sonra Almaniyada siyasətin başa çatdığını bildirən Ərdoğan, naşı liderlərlə qlobal problemlərin çözülməsinin mümkünsüzlüyünə işarə edir.

Və nəhayət, dördüncüsü isə, Türkiyə liderinin Almaniyanın sabiq kansleri Gerhart Şröderin onunla görüşləri zamanı onun dini inancına sayğı duyaraq yanında spirtli içki içmədiyini, ehtiram göstərdiyini, sözünün məsuliyyətini dərk etdiyini məxsusi olaraq qeyd etməklə, bu günkü dünya liderləri arasındakı münasibətlərdə bu kimi mənəvi-əxlaqi dəyərlərin, kriterlərin, liderlik keyfiyyətlərinin yoxa çıxdığını hamının diqqətinə çatdırmağa çalışır.

Başqa sözlə desək, Ərdoğan indiki dünya liderləri arasında yalançıların, boşboğazların, intriqanların, məsuliyyətsizlərin və ədəbsizlərin çoxluq təşkil etdiyinə vurğu edir. Məsələn, Fransa prezidenti Emmanuel Makron kimi.

Heç kimə sirr deyil ki, fransız lider öz yalançılığı ilə, populistliyi ilə, provokativ davranışları ilə köhnə nəsil siyasətçilərdən pis mənada fərqlənir.

Ərdoğan da ilk növbədə məhz bu kimi amilləri nəzərdə tutaraq hazırda dünyada yalnız iki təcrübəli lider qaldığını vurğulayıb.

Əlbəttə, bəziləri Ərdoğanın bu fikri ilə razılaşmayıb deyə bilərlər ki, ABŞ-ın hazırkı prezidentləri Bayden və Tramp da, Hindistanın baş naziri Narendra Modi də, Çinin rəhbəri Si Zinpin də kifayət qədər təcrübəli siyasətçilərdir. Bəli, onların da hərəsinin özünə görə müəyyən təcrübəlilik əmsalı var. Lakin bu gün onların heç biri dünyanın geosiyasi proseslərinə köklü şəkildə təsir göstərə biləcək, öz damğasını vura biləcək sərt dönüşlü addımlar atmağa, necə deyərlər, "Qordi düyünü"nü bir qılınc zərbəsi ilə çözə biləcək, yeni gündəm yarada biləcək azman şəxsiyyətlər deyil.

Bəşər Əsəd iqtidarının çöküşü ilə bitən Suriyadakı son proseslərdə Türkiyənin pərdəarxası aktor rolunu yüksək müvəffəqiyətlə icra etməsi Ərdoğanın indiki dünya liderlərinin bir çoxundan fərqli olaraq zəri də, zoru da olan siyasətçi olduğunu bir daha təsdiqlədi. Bəşər Əsədin Türkiyənin dialoq çağırışlarını xüsusi inadkarlıq və ötkəmliklə davamlı olaraq geri çevirməsinin ardından, Ərdoğanın Əsəd rejiminin bitirilməsinə qəti qərar verməsi onun həlledici məqamlarda möhkəm xarakter nümayiş etdirmək xüsisiyyətini üzə çıxarır.

Putin də həlledici məqamlarda Ərdoğan kimi qəti qərarlar qəbul etməyi bacarır. Lakin əfsuslar olsun ki, Putinin qərarları bir çox hallarda şərə xidmət edir. Kreml rəhbərinin 2008-ci ilin avqustunda Gürcüstana qoşun yeritməsi, 2014-cü ilin yazında Krımı ilhaq etməsi, 2022-ci ilin yanvarında KTMT-nın xətti ilə Qazaxıstana hərbi kontingent göndərməsi, həmin ilin fevralında isə "Xüsusi Hərbi Əməliyyat" (СВО) adıyla Ukraynaya müdaxiləsi məhz şərin "təntənə"si idi.

Ancaq yeni geosiyasi reallıqlar Putinə də ciddi təsirini göstərir və onu reallıq hissinə qayıtmağa, baş verənlərlə hesablaşmağa məcbur edir. Bu mənada Ərdoğan Putini neytrallaşdıran əks güc, onun toksikliyini zərərsizləşdirən antidot rolunda çıxış edir. Belə ki, 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli mənəvi, siyasi dəstəyi Rusiyanın müdaxiləsinin qarşısını aldı. Rusiya Suriyadakı son hadisələrdə də Türkiyənin mövqeyi ilə hesablaşmalı oldu.

Bu da onu göstərir ki, Ərdoğan Putinə münasibətdə əsl qrossmeyestr kimi davranır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da Ərdoğanla hesablaşmağa üstünlük verən liderlərdəndir. Bu isə ABŞ-Türkiyə münasibətlərinin daha əlverişli müstəviyə keçməsinə imkan verəcək.

Beləliklə, önümüzdəki illərdə Türkiyə-Rusiya və Türkiyə-ABŞ münasibətləri region və dünyadakı geosiyasi proseslərin yönləndirilməsində çox önəmli rol oynayacaq. Bir sıra problemlərin mövcudluğuna baxmayaraq Türkiyə-Çin münasibətləri də sürətlə inkişaf edə bilər.

Ümumilikdə isə, bu ölkələrin bir-birilə münasibətləri yaxşılaşdırması və əməkdaşlığı genişləndirməsi bütün dünya üçün vacibdir. Çünki hazırda dünya xaos və məhvolma dövrünə daxil olmaqdadır.

P.S.

1969-1977-ci illərdə ABŞ prezidentləri Riçard Nikson və Cerald Fordun administrasiyalarında əvvəlcə milli təhlükəsizlik üzrə müşavir, daha sonra dövlət katibi vəzifələrində çalışmış, eləcə də ömrünün son günlərinə qədər hazırkı ABŞ prezidentlərinə xarici siyasət, geosiyasət, təhlükəsizlik məsələləri ilə bağlı tövsiyələr verməyə davam etmiş Henri Kissincerin sözləri ilə desək, Renessans (İntibah) dövründən üzü bəri ilk dəfədir ki, dünya bu qədər geridönməz şəkildə böyük hərcmərclik və dağdıcılıq mərhələsinə qədəm qoyub. Bunun qarşısını almaq üçün isə dünyanın dərin düşüncəli, müdrik liderlərə ehtiyacı var.

Bir 2 nəfər və mətn şəkili ola bilər

Bəybala Mirzəyev

visiontv.az