Paşinyan artıq anlayır ki, onun son aylarda sərgilədiyi gözləmə mövqeyi iflasa uğrayıb
Paşinyan artıq anlayır ki, onun son aylarda sərgilədiyi gözləmə mövqeyi iflasa uğrayıb
07.12.2024 Bəybala Mirzəyev Tərəfindən

Ermənistanın yeni imicli baş naziri indi də deyir ki, Bakı ilə sülh sazişi layihəsinin bəndlərinin 90 faizi artıq razılaşdırılıb. Bir ay öncəki açıqlamasında isə sülh sazişinin 80 faiz razılaşdırıldığını bəyan etmişdi.

Adam getdikcə gerçəkdən də ciddən anlayır ki, ölkəsi və xalqı üçün Azərbaycanla sülhdən başqa bir yol yoxdur.

O, parlamentdəki çıxışında həmçinin əminliklə bildirib ki, “bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil. İstənilən təcrübəli müşahidəçi başa düşür ki, daxili siyasi mövqelərimizi gücləndirmək üçün, əksinə, regionda sabitlik lazımdır”.

Beləliklə, görünən budur ki, Ermənistan lideri artıq anlayır ki, onun son aylarda sərgilədiyi gözləmə mövqeyi iflasa uğrayıb.

Paşinyanı praqmatik və gerçəkçi düşünməyə məhz dünyanın yeni geosiyasi reallıqları və bölgədəki son gəlişmələr vadar edir. Belə ki, Ermənistanın əsas havadarlarından olan Demokratların nümayəndəsi K.Harrisin ABŞ-dakı prezident seçkilərində uduzması, ermənilərin baş havadarı Emmanuel Makronun istefaya getmək ehtimalının yaranması, Rusiyanın Ukrayna ilə savaşda nisbi üstünlüyə nail olması, fars-erməni qardaşlığından çıxış edən İranın İsraillə qarşıdurmada xeyli güc itirməsi və üstəlik də molla rejiminin son vaxtlar Azərbaycanla münasibətləri normallaşdırmağa başlaması istər-istəməz Paşinyanı da reallıq hissinə qayıtmağa, ayağını yorğanına görə uzatmağa, havadarlarına çox da bel bağlamamağa və Azərbaycanla sülh bağlamağın qaçılmaz olduğu həqiqətini qəbul etməyə sövq edir.

P.S.

Siyasi satira dili ilə desək, bığını-saqqalını qırxdırıb yeni imicə keçid etmək Ermənistanın baş nazirinə düşmədi. Adam bu aralar rəsmən xəyal qırıqlığı yaşamaqdadır.

Bəybala Mirzəyev

visiontv.az