Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın keçmiş mətbuat katibi Samvel Fərmanyan Suriyadakı son hadisələr fonunda Bəşər Əsədin 2009-cu ildə İrəvana səfərini xatırlayaraq bunları yazıb:
“Bəşər Əsəd Serj Sərkisyana deyib ki, Dəməşq Ankara ilə münasibətləri normallaşdırmağa başladığına görə “erməni soyqırımını” tanıya bilməyəcək. Serj Sərkisyan Əsədə cavab olaraq dedi ki, “Siz türkləri yaxşı tanımırsız, nəticələr fərqli ola bilər”. Mən 2014-cü ildə deputat kimi Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri kimi Dəməşqə səfər etdim. Bəşər Əsədlə görüşdük. Əsəd mənə dedi ki, Serj Sərkisyan haqlı idi, mən türkləri yaxşı tanınamışam”.
Samvel Fərmanyan bunları ona görə xatırlayıb ki, guya Bəşər Əsədi Türkiyə devirib. Suriyada 14 il bundan əvvəl başlayan qanlı hadisələrin Türkiyə ilə əlaqəsi yoxdur, insanlar rejimə qarşı ayağa qalxmışdılar. Əsəd rejimi onlara divan tutdu. Buna baxmayaraq, ermənilər heç zaman Əsədin xalqına qarşı törətdiyi qətliamlardan danışmadılar. Çünki, Moskva və Tehran kimi İrəvan da Əsədi özününkü sayırdı. Xalq müxalif silahlı qruplara dəstək verməsəydi, Türkiyə Əsədi 12 günə devirə bilərdimi? Serj Sərkisyanın “uzaqgörənliyinə” qaldıqda isə, onun özü də 2009-cu ildə Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır idi. Necə olur Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olan Sərkisyan Əsədə Türkiyə məsələsində ağıl verib? O ki qaldı, Əsədin “erməni soyqırımını” tanımamasına, 2020-ci ildə Suriya parlamenti qondarma erməni soyqırımını tanıyıb. Türkiyə əleyhinə siyasət hələ heç bir dövlətə xeyir gətirməyib.
Elxan Şahinoğlu
visiontv.az