Mənim həqiqətlərim: Dirilər kimi ölülərə də fərq qoyurlar
25.05.2026

Sosial media üzərindən yazdığım qeydlər.

Taksidə yol gəlirik. Manatdan gətirir. Sürücü halallıqdan, insanların haramçılığından, dindən imandan danışır biz də qulaq asırıq. Yolda bir qadın götürdü. Qadın üç dayanacaq getdi və düşdü. Qiyməti soruşdu. Deyir iki manat. Məəttəl qaldım. Bayaqdan halallıqdan danışan 5 dəqiqə keçmədi 1 manata görə qırmızı yalan danışıb və heç nə olmamış kimi söhbətini davam etdirdi. Gənc olsaydı zəmanə bu cür tərbiyə edib, nə bilim Z nəslindən, zırt nəslindəndir düşünüb deyinərdim. Amma 40-50 yaşlı birinin bu cür alçaqlığına dözmədim və bayaqdan danışdığı sözləri yadına salıb tərbiyəsizlik etdiyini başa salmağa çalışdım. Qanmadı. Vallah gənclər soyuq, emosiyasız, robot kimi olsalar da bu cür ağçaqqallardan daha dürüstdürlər.

***

Həmkarım Taleh Şahsuvarlı İTV rəhbərliyinə namizəd kimi sivil mübarizə və təbliğat üsullarından məharətlə istifadə edir. Sivil və alternativ mübarizəni anlamayanlar ağız büzür, anlayanlar boş şeydir deyir, təbii qəbul edənlər isə alqışlayır. Əslində təbliğat, mübarizə və seçim məhz bu cür olmalıdır.

Buna görə hələ öyrənməliyik və yenə də öyrənməliyik. Sonra reallıq kimi qəbul etməliyik və vərdişə çevirməliyik. Nə qədər oğrun-oğrun baxıb biganə qalacağıq. Taleh Şahsuvarlının atdığı bütün addımları təqdir edirəm.

***

Dünyanın elm adamları gecə gündüz yatmır, araşdırma aparır, süni intellekt, mobil telefon, internet, vatsap, Feysbuk və sair kəşf edir, təkmilləşdirir, bizim ağzı qaralarda oturub avtobusda tüm yeyib zibilin yerə atıb anqıra-anqıra video cat vasitəsilə qaynanın zərərsizləşdirilməsi yollarını müzakirə edir. Sonra da deyirik ki, dünyada adam sayı artır.

***

Masazırdan şəhərə gəlmək üçün 3 avtobus dəyişdim. Yollardakı gölməçələrin dərinliyinə uyğun təzə və köhnə avtobuslar fəaliyyət göstərir. Təzə avtobus gölməçəyə qədər gəlir, sonra köhnə avtobuslara minirik bizi gəmi rolunda gölməçəni keçirdir sonra düşüb yenidən sahilin o biri tərəfində olan təzə avtobusa minib gəlirik şəhərə. Ağıllı adamlar olmasa sözün həqiqi mənasında batarıq.

***

Dirilər kimi ölülərə də fərq qoyurlar.

***

Niyə biganəyik?

Hətta 30 il dərdindən oldüyümüz və yaxud o cür görsəndiyimz azad və qalib Qarabağa münasibət də belə biganəyik?

Cavabım xoşunuza gəlməyəcək. Siz nə düşünürsünüz? Cavabınız bəlkə səbəbi aradan qaldırmağa kömək edəcək?

Tənqid yox təklif verin.

***

İranı mollalarına ruh verən Çin deyil, Britaniyadır. Müharibədən əvvəl yazmışam bir də təkrar edirəm, İran müharibəsi Britaniya dur deyən də duracaq. Təəsüf ki, Britaniya planında heç vaxt İranın parçalanması olmayıb. İndi də yoxdur. Bir də ki özü yaratdığını niyə məhv etsin ki?

***

Zelenskinin sərəncamı ilə Putinin Moskvada keçirdiyi paradda yadda qalan yeganə şey rusların xilaskarı Şimali Koreya əsgərlərinin sıra gedişi oldu.

***

Tehran Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitini alqışlayıb. Deyir bu tədbir qardaş erməni xalqına dəstəkdir və Azərbaycana göz dağı verirlər ki Qafqazda söz sahibi tək siz deyilsiniz. Təsəvvür edin ki bu tədbir Azərbaycanda keçirilirdi. Tumanları başlarında aləmi bir-birinə vurmuşdular ki, Bakı Tehranın qırmızı xəttini keçdi. Qırmızı xətləri də bir xətt ola adamı yandırmaz. Gələn-gedən tüpürüb keçir bu xətti.

***

Düzdür üstündən sükutla keçirik. Amma sürətlə raket, dron və hərbi qırıcı təyyarə arsenalımızı gücləndiririk. Həm də bu istiqamətdə güclü hərbi-sənaye kompleksi yaradılır.

Şöhrət El-Dəniz

visiontv.az