Makronun əsəbi və gərgin vaxtında Burkina-Fasonun Xarici İşlər Nazirliyi də Fransa ilə məzələnməyə vaxt tapıb
Makronun əsəbi və gərgin vaxtında Burkina-Fasonun Xarici İşlər Nazirliyi də Fransa ilə məzələnməyə vaxt tapıb
19.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Belə ki, bu Afrika ölkəsi təxribat və casusluq fəaliyyətinə görə üç fransalı diplomatı “arzuolunmaz şəxs” elan edib, öz ərazisindən çıxarır. Fransalı diplomatlar 48 saat ərzində Burkina-Faso ərazisini tərk etməlidir.

Fransanın həyasızlığı o dərəcəyə çatıb ki, fransız "diplomat"ları az qala dünyanın bütün ölkələrində casusluq fəaliyyəti ilə məşğul olur. Onlar əsl həqiqətdə diplomat yox, diplomatik pasport hesabına maskalanmağa çalışan peşəkar agentdir.

Fransalı casuslar ezam olunduqları ölkələrdə biznes qurumlarına, elmi-tədqiqat institutlarına, məktəblərə, humanitar təşkilatlara sızaraq, sonrakı casusluq fəaliyyətləri üçün yavaş-yavaş zəmin hazırlayırlar.

Fransanın Azərbaycandakı səfirliyinin də iki əməkdaşı məhz casusluq fəaliyyətinə görə ölkəmizdən qovulub. Onlardan biri özünü hər kəsə iş adamı kimi təqdim edirmiş. "Biznesmen"lik ona gerçək casusluq fəaliyyətini ört-basdır etmək üçün "hekayə" kimi, "legenda" lazım imiş.

Bu gün qonşu ölkələrdə (Gürcüstan, İran, Ermənistan) də müxtəlif "hekayə"lər altında fəaliyyət göstərən fransalı casuslar çoxdur.

DGSE-nin (Fransanın xarici kəşfiyyat orqanı) casusları dünyanı hörümçək toru kimi bürüsələr də, lakin peşəkarlıqları elə də yüksək səviyyədə deyil. Dünyanın digər gizli xidmətlərinin casusları ilə müqayisədə fransız casuslarını deşifrə etmək, üzə çıxarmaq daha asandır. Burkina-Fasoda diplomatik pasportlara malik dörd fransızın casusluqda şübhəli bilinərək saxlanılması isə Fransaya lap ağır zərbədir.

P.S.

Bax belə. İndi hamı Fransa ilə məzələnir. Kərbəlayi İsmayıl demişkən, heç oğlum Yədullanın müsibəti belə olmamışdı...

Bəybala Mirzəyev

visiontv.az