Şərqi Azərbaycanda baş verən yol qəzalarında 260-dan çox adam ölüb
26.07.2024

Bu il martın 20-dən üç ay ərzində Şərqi Azərbaycan vilayətinin yollarında baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 261 nəfər həyatını itirib.

Şərqi Azərbaycan ədli tibb idarəsinin direktoru Mehrdad Setare bildirib ki, ölənlərin sayı 255 nəfər olduğu keçən ilin eyni dövrü ilə müqayisədə bu il 2% artıb. O, həmçinin bildirib ki, bu müddət ərzində yol qəzalarında həyatını itirənlərdən 210 nəfəri kişi, 51 nəfəri isə qadın olub.

261 nəfərin öldüyü yol-nəqliyyat hadisələri ilə bağlı statistikaya şəhərdaxili, şəhərlərarası və kənd yollarında baş verən yol-nəqliyyat hadisələri daxildir.

İranda hər il xeyli sayda vətəndaş yol qəzaları nəticəsində həyatını itirir. İranda yol qəzalarında ölənlərin sayının çox olması kritik vəziyyətdədir.

Sürücülərin və vətəndaşların yol hərəkəti qaydalarına əməl etməməsi ilə yanaşı, qeyri-standart yerli avtomobillər və yollar kimi amillər İranda yol qəzalarının çox olmasının əsas səbəbləridir.

Bu yaxınlarda yol polisinin rəisi Teymur Hüseyni deyib ki, yol qəzalarında ölümlə nəticələnən qəzaların təxminən 70%-i qeyri-standart yollarla bağlıdır.

İranın ədli tibb təşkilatının rəsmi statistikasına görə, 1402-ci günəş ilində (21 mart 2023-cü ildən 19 mart 2024-cü ilə qədər) 20 min 450 nəfər yol qəzalarında həyatını itirib.

visiontv.az