Hüquq və İnsan Haqları İnstitutunda jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib
Hüquq və İnsan Haqları İnstitutunda jurnalistlər üçün “Media və insan hüquqları” mövzusunda təlim keçirilib
28.02.2024 MEDİA Tərəfindən

28 fevral 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin və Hüquq və İnsan Haqları İnstitutunun birgə təşəbbüsü ilə jurnalistlər üçün “Media və İnsan hüquqları” mövzusunda təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə media nümayəndələrini salamlayıb və İnstitutun fəaliyyəti haqqında onlara ümumi məlumat verərək insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində gördükləri işlərin mütəmadi olaraq mətbuatda işıqlandırılmasında media nümayəndələrinin böyük rolu və əziyyəti olduğunu bildirib. O həmçinin qeyd edib ki, bu təlim mediada paylaşılan xəbərlərdə rast gəlinən insan hüquqları pozuntularının aradan qaldırılması məqsədilə təşkil olunub. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxışında İnstitutun insan hüquq və azadlıqlarının qorunması istiqamətində keyfiyyətli xəbər istehsalının təmin edilməsinə yönələn təşəbbüsünü yüksək dəyərləndirib, keçirilən təlimin jurnalistlərin bu növ informasiyanın əldə olunması, ötürülməsi və yayımı fəaliyyətində peşəkarlığının və məsuliyyətinin artırılmasına xidmət etdiyini bildirib. Əhməd İsmayılov Medianın İnkişafı Agentliyinin jurnalistlər və media subyektləri üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Gülnaz Ələsgərova və Hamlet Babayev “Media və insan hüquqları” və “Xəbərlərin işıqlandırılması zamanı insan hüquqlarının təmin edilməsi” mövzularını əhatə edən təqdimat modulları ilə çıxış edib.

Təlim zamanı jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Mövzu üzrə kazus müzakirəsindən sonra təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.

Visiontv.az