Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının Siyasi Şurasının bəyanatında belə qeyd olunub.
"Gürcüstan bu vaxta qədər böyük səylər və barışmaz mübarizə nəticəsində Ukrayna ssenarisindən qurtula bilsə də, sülh uğrunda mübarizə davam edir və bu mübarizə sona çatdırılacaqdır. Nə qədər ki, Ukraynada birinci cəbhə var, ikinci cəbhənin Gürcüstanda açılması marağı həmişə olacaq. Qlobal Müharibə Partiyasının sifarişi və “Dərin Dövlət”in əli ilə konkret dövlətlərin gürcü siyasətçi və məmurlarına qarşı tətbiq etdiyi sanksiyalar da bununla bağlıdır. Gürcü xalqı sağ qalmaq və Gürcüstanın ukraynalaşmasının qarşısını almaq üçün sona qədər mübarizə aparmalıdır”.
Bəyanatda Avropa İttifaqı bürokratiyasının öz dəyərinə sadiqlinin bu gün ən pis vəziyyətdə olduğu qeyd olunub.
“Maraqlıdır ki, Gürcüstana qarşı sanksiyaları əvvəlcə Ukrayna hakimiyyətinə tətbiq etdirdilər və onların yüksək vəzifəli şəxsləri Gürcüstan hakimiyyətini açıq şəkildə ikinci cəbhə açmağa çağırıblar. Bunun ardınca suverenliklərini praktiki olaraq itirmiş və tamamilə “dərin dövlət”in diktəsi ilə hərəkət etməli olan Baltikyanı ölkələrin sanksiyaları gəldi. O zaman bağlı qapılar arxasında səslənən tələblər və təhdidlər nəhayət ictimai forma aldı. “Ya döyüşəcəksən, ya da səni cəzalandıracağıq” - bu, Gürcüstan və gürcü xalqının Qlobal Müharibə Partiyasından aldığı sadə mesajdır”.
Bəyanatda sanksiyaların Gürcüstanı “dağıdıcı müharibəyə qoşulmağa məcbur edə bilməyəcəyi” qeyd edilib.
“Heç kim gürcü xalqını heç bir sanksiya ilə qorxuda bilməz, çünki ictimaiyyət yaxşı başa düşür ki, heç bir sanksiya ölkənin məhv edilməsi ilə müqayisə oluna bilməz. Ona görə də heç kim Gürcüstan hökumətini hansısa sanksiyalar bahasına ölkəni dağıdıcı müharibəyə qurban verməyə məcbur edə bilməz. Gürcü xalqı heç bir sanksiyalar bahasına Gürcüstanın ukraynalaşdırılmasına imkan verməyəcək” - deyə “Gürcü Arzusu” Siyasi Şurasının bəyanatında deyilir.