Çobanlar
08.01.2025

I. GEOLOQLAR

1980-ci illər... Yayın əvvəlləri... Vertollyotumuz Somalitə (Zaqatalada dağ - 3500 metr) yenicə enmişdi. Bir neçə qoca çoban bizi əhatə etmişdi, cavanlar qoyuna getmişdi. Qocalar “vertolyot başqa şeydir, geoloqlara veriblər, çobanlara da versəydilər, yaxşı olardı” deyirdilər...

Raufla mən yükləri boşaldırdıq, qan-tər batmışdıə, tələbə Dadaş da bizdən geri qalmırdı... Rəhbərimiz professor Həmid müəllim, oğlu Tələt və iki tələbə qız seyrçi mövqeyində qalmışdı... Bizə baxırdılar, çobanlarla danışırdılar... Çobanlar da şalvar geyib dağlara çıxan qızlara baxıb qımışırdılar...

Nəhayət, yükləri boşaltdıq, vertalyot da uçub getdi. Sonra yenə biz üçümüz yükləri bulağın başına daşıdıq. Çobanlar yaylağa düşdülər, biz də ölü kimi otların, daşların üstünə düşdük. İt nədir, eşşək kimi yorulmuşduq. Bir az dincimi almaq, vertalyotdan havaya dağılmış fikirlərimizi bir yerə yığmaq, səhmanlamaq istəyirdik. Sən saydığını say... Professor Həmid müəllim başımın üstünü kəsdirdi:

-Tez iki çəkic, bir kompas, 30-40 dənə də “prob” kisəsi götür, bir “ryuqzak”a doldur. Uşaqlar “palatkalar”ı açınca biz ətrafa bir marşrut edək.

Yaman yorulmuşdum, tərpənə bilmirdim, amma professorun da sözünü yerə salmaq istəmirdim. Bu zaman oğlu dalımızca yüyürdü:

-Pa, ya s vami...

-Ne, Tələtik, tı ustal posle polyota, otdoxni, qorı smotri...

“Tələtik” AZİ-nin son kurslarında oxuyurdu, mənimlə yaşıd olardı...

Professor maraqlı gördüyü hər daşın, qayanın yanıbda dayanır, kompasını (söhbət geoloji kompasdan gedir) çıxarırdı. Mən də onun göstərdiyi daşdan, qayadan sındırmalı, “prob” kisələrinə doldurmalı idim. Bir azdan “ryuqzaq” doldu, 30-40 kilo olardı. Mənim isə özümü aparan lazım idi. Ayaqlarımı güclə çəkirdim, ağır yükü atıb getmək istəyirdim. Və qanımın arasına çoban girdi...

İtlər bizi görüb cumdular, amma çobanın harayına aralandılar. Çoban cavandı, yüzlərlə qoyunu vardı, otlağa buraxmışdı. Özü isə... Yox, tütək çalmırdı, çoban nəğməsi də demirdi, eləcə var-gəl edirdi. Bəlkə dumkadaydı, ya lomkadaydı, bəlkə vodkadaydı?! Bimirəm... Bizim professor da bilmirdi və çoban dünyasına çağrılmamış qonaq kimi girdi...

-Salam, çoban qardaş, necəsən, qoyunların necədir? Bu uca dağlar başında günün necə keçir?

-Çobanın anasını sən zad edəsən (adı ilə deyir!), professor. Çobanın günü necə keçir, eşşək yaxşıdır, it günü kimi...

Professor söyüşdən çaşsa da, müraciətdən fərəhlənir, fəxrlə deyir:

-“Professor” olduğumu hardan bildin?

-Bunu bilməyə nə var ki, kişi? Adam əgər eşşəyi eşşək kimi yükləyirsə (eşşəyini göstərir), deməli, çobandır, yox əgər adamı (məni göstərir) eşşək kimi yükləyirsə, deməli professordur...

Mən təcili yükü belimdən aşırıram və yerə atıram. Professor isə dil-boğaza qoymur:

-Sən yaman adam tanıyansan, çoban...

-Mən eşşəyi də bu qədər yükləmirəm, adam...

Professor sözü dəyişmək, çobanı öz tərəfinə çəkmək istəyir:

-Sizin də gününüz gün deyil, coban qardaş. Yayın istisi, təri, payızın yağışı, palçığı, qışın qarı, şaxtası...

-Sən bizə görə dərd çəkmə, professor. Doğrudur, işimiz ağırdır, amma dağdır, təmiz havadır. Biz təmiz ət, təmiz qatıq yeyirik, bulaq suyu içirik. Sən mənim atamı görəsən, səninlə tay-tuş olar. Amma dağdan düşəndə cavan oğlan kimi düşür, evdə gəlinə, nəvəyə baxmır, birbaşa anamın üstünə cumur, səhərə kimi də qapını açmır. Sən də yəqin axşam evdə qapını bağlayırsan, səhərə kimi açmırsan... Deyirsən, birdən arvad gələr... Ha, ha, ha, professor qağa...

Qalib ARİF

(Ardı olacaq)

visiontv.az