Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramıdır
16.12.2024

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasından 19 il ötür.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Geridə qalan 19 il ərzində Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunmasını uğurla təmin edib.

FHN-in əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil məktəbləri ilə müqavilələr bağlanıb. Bundan başqa Prezidentin müvafiq Sərəncamı ilə 2008-ci ildə FHN Akademiyası yaradılıb. Akademiya Nazirliyin zəruri maddi-texniki bazası ilə təmin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev FHN-in maddi-texniki bazasının gücləndirilməsi, ən müasir texnika, avadanlıq və mexanizmlərlə təchiz olunmasına xüsusi diqqət göstərir. Dövlət başçısı 2022-ci il dekabrın 9-da işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalarla tanış olub. Azad edilmiş ərazilərdə yanğından mühafizə üçün FHN tərəfindən “KamAZ” və “İveco” markalı olmaqla 150 yanğınsöndürən avtomobil alınıb.

Artıq müasir yanğınsöndürmə, qəza-xilasetmə maşınlarının, fövqəladə hallarda hadisə yerində böhranları idarə etmək üçün ən müasir rabitə sistemləri ilə təchiz olunmuş və nazirliyin qurumları ilə videokonfrans yaratmaq gücünə malik mobil qərargah-avtobusun, radiosistemli avtomobillərin, motosikletlərin, mina və hərbi sursatların aşkarlanaraq zərərsizləşdirilməsi sistemlərinin, dənizdə xilasetmə əməliyyatları üçün katerlərin, xilasedici qayıqların, axtarış gəmilərinin, yanğınsöndürmə və digər xilasetmə funksiyalarını həyata keçirən “Be-200 ÇS” amfibiya-təyyarənin, helikopterlərin, tikintilərin texniki təhlükəsizlik normalarına uyğun aparılmasına nəzarət üçün səyyar laboratoriyaların, fövqəladə hadisə baş vermiş ərazidə zərərçəkənlərə tibbi yardım göstərmək üçün mobil hospitalların, yüzlərlə müxtəlif təyinatlı digər xüsusi texniki avadanlıqların imkanlarından gündəlik iş prosesində bacarıqla istifadə edilir.

Bu ilin 9 ayı ərzində respublika ərazisində 12 183 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2023-cü ilin 9 ayı ilə müqayisədə 242 hadisə və ya 2 faiz azdır. Nazirliyin xilasediciləri 108 nəfəri xilas edib, 914 nəfər təxliyə olunub. Nazirliyin əməkdaşları dəfələrlə öz peşəkarlıqlarını nümayiş etdirməyi bacarıblar.

FHN ölkə daxilində göstərdiyi yüksək peşəkarlığı beynəlxalq səviyyədə də göstərir. Buna nümunə kimi, son dövrlərdə FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin ölkə xaricində həyata keçirdiyi tədbirləri göstərmək olar.

Ötən il Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələdən sonra Türkiyənin Kahramanmaraş, Hatay və digər şəhərlərində fəaliyyət göstərib. Həmçinin axtarış-xilasetmə əməliyyatlarında iştirak edən və Kahramanmaraşda dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin isə cəsədini çıxaran FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Elvin İsgəndərov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq medalı” ilə təltif olunub.

Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının söndürülməsinə kömək göstərilməsi məqsədilə 2021-ci ildə, habelə 2024-cü il avqustun 18-dən FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib, təyyarə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib və meşə yanğınlarının tam söndürülməsinə nail olub.

İsrail Dövləti Hökumətinin müraciəti əsasında da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Noyabrın 27-də təyyarə əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.

FHN-in strukturları Vətən müharibəsi zamanı Zəfərin qazanılmasına da öz töhfələrini veriblər. Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində fədakarlıq nümayiş etdiriblər.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparır. Minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla təchiz olunub. Dislokasiya məntəqəsi Bərdədə olmaqla nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən N saylı hərbi hissəsi yaradılıb. Məqsəd minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsidir. Eyni zamanda nazirlik tərəfindən “GCS – 200” markalı kənardan idarəedilən, müasir minatəmizləyən robotlar alınıb. Onlar işğaldan azad olunmuş rayonlarda minalarla və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur. Minalardan təmizlənməsi işlərini sürətlə davam etdirən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca əməliyyatlar aparır.

Visiontv.az