Böyük Britaniya Hörmüz boğazına minaaxtaran gəmilər və dənizçilər göndərir
25.05.2026

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və yüzlərlə dənizçisi mina təmizləmə işlərinə kömək etmək üçün Hörmüz boğazına göndəriləcək.

Bu barədə  "Associated Press" agentliyi  Britaniyanın Hərbi Dəniz Qüvvələri komandanlığına istinadən məlumat yayıb.

Qeyd edilib ki, ABŞ və  İran arasında əldə olunan razılaşmadan sonra hazırda Cəbəllütariqdə olan "RFA Lyme Bay" köməkçi gəmisi  Yaxın Şərqə doğru hərəkət edəcək:

"Hazırda gəmiyə minaların axtarışı və zərərsizləşdirilməsi üçün nəzərdə tutulan sursatlar, həmçinin hidroakustik stansiyalarla təchiz edilmiş pilotsuz sualtı aparatlar yüklənir. Gəminin  Süveyş kanalından keçərək Fars körfəzinə yollanmasından əvvəl Britaniyanın "HMS Dragon" esminesi və müttəfiqlərin gəmiləri ilə birləşəcəyi gözlənilir".

Britaniya HDQ-dən bildirilib ki, İran bütün Hörmüz boğazı boyunca böyük miqdarda müxtəlif növ minalar yerləşdirmiş ola bilər:

"Minaların lövbərli, reaktiv-qalxan və ya dib əsalı olması mümkündür. Həmçinin gəmi ilə fiziki təmas, akustik təsir və ya maqnit sahəsinin dəyişməsi nəticəsində minalar işə düşə bilər".

"RFA Lyme Bay" gəmisindəki avtonom sistemlər dəniz dibini və ətraf suları skan etmək üçün hidroakustik stansiyalardan istifadə edir. Bu sistemlər potensial təhlükələrin xəritəsini ənənəvi mina təmizləyən gəmilərin sərf etdiyi vaxtdan təxminən iki dəfə tez hazırlamaq imkanına malikdir.

visiontv.az