Azərbaycanla sülh anlaşması olsa, Ermənistan Fransadan hansı ad altında silah-sursat istəyəcək?
Azərbaycanla sülh anlaşması olsa,  Ermənistan Fransadan hansı ad altında silah-sursat istəyəcək?
22.07.2024 Sahib Alıyev Tərəfindən

Demək belə, Pentaqon haylarla birgə təlim keçirir və qərara gəlinir ki, amerikalı hərbçi təlimatçı olaraq uzun müddətə Ermənistanın Müdafiə Nazirliyində yerləşdirilsin, ardından Paşinyan Oksfordda sülh danışıqlarından imtina edir, aradan iki gün keçir, ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulur və Fransanın hərbi təyyarəsi İrəvanda yerə enir. Bütün bunlar məhz aprelin 5-də Brüsseldə Antony Blinken, Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticəsi deyilmi?

Ermənistanı silahlandırmaq üçün Azərbaycandan təcavüzkar obrazı formalaşdırmağın yetərsiz qaldığını görən qərbdəkilərin indi başqa metoda əl atdıqları göz önündədir. Bir tərəfdən Ermənistan baş nazirini sülh göyərçini kimi təqdim edir, digər tərəfdən isə aparılan danışıqların uğurla nəticələnməməsinə çalışırlar. Nikol Paşinyanın Oksfordda cənab İlham Əliyevlə görüşmək istəməməsinin arxasında məhz elə həmən blinkenlərin, makronların diqtəsi durur.

Prosesləri izləyənlər yəqin xatırlayarlar Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münxendə Oksfordda planlaşdırılana bənzər bir görüşün keçirilməsindən sonra Yelisey sarayındakılar hansı hoqqalardan çıxdılar. "Le-Figaro" və "Le Monde" qəzetlərində Almaniya necə tənqid və hətta təhqir edildi.

Təbii ki, vəziyyətin bu cür qalması Ermənistana da sərf edir. Çünki bir zaman Rusiya etdiyi qədər həvəslə olmasa da, indi də qərbdəkilər haylara hərbi dəstək verməkdədirlər. Azərbaycanla sülh anlaşması olsa, Ermənistan onlardan hansı ad altında silah-sursat istəyəcək? Ona görə də Şuşada II Qlobal Media Forumunda Paşinyanın görüşdən imtinasına toxunarkən cənab İlham Əliyev bu sualları elə-belə səsləndirmirdi: "Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi?".

Millət vəkili Sahib Alıyev

visiontv.az