4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. ON DOQQUZUNCU HİSSƏ
Ey insan, özünlə tanışsan hamıdan öncə,
Heç kim özünü özütək tanımaz ölüncə.
***
Bir ömür başdan-başa, baş dəyir daşdan-daşa,
Sonda qırıq daşlardan biri qoyulur başa.
***
Namərdin hiyləsindən mərdlər gər açsaydı baş,
Bir mərdin ayağına dəyməzdi heç zaman daş.
***
Yaşadığın acılar köksündə bir yer salır,
Gözəl anı yaşatsan, onun sayı çoxalır.
***
Eyləmiş qəlbini dərdilə dərmana məkan,
Qəfil dərdi tapanlar tapmaz dərmanı asan.
***
Elmin dəryası dərin, siz də dəryaya girin,
Elmə çox yiyələnən düşünər dərin-dərin.
***
Tərpənən görsə daşı, yosun örtməzdi daşı,
Hərəkət et, işlə ki, həm də işlət başı.
***
Çox işləyən insanın sağlamdır canı-başı,
Boş qalsa dəmir hacat, təmizlə ondan pası.
***
İşlək insanlar adlanır insanların xası,
İnsan əgər tənbəlsə, ta gözəldir harası?
***
Yananlar hey sınanır, yanmayanlar qınanır,
Yananların ömürü pəncərədən boylanır.
***
Damın olsa da uca, qınama sən bir qoca,
Bəlkə, ağır həyatın sarvanıdır o qoca.
***
Ömür keçir astadan, səs gəlmir astanadan,
Bir zaman can dediyin, əl yelləyir uzaqdan.
***
Paylansaydı bəxt əgər insanlar arasında,
Kimin bəxti kəmdirsə, yenə qalar kənarda.
***
Bəxti yazıb-pozmağı qoysaydı insan bilə,
Bəxtsizlər "bəxt kitabın" pozardı dişlərilə.
***
Allah tənəni sevmir, qınama heç kimsəni,
Tənə edilənlərin düzəldər işlərini.
***
Qınasan sən birini, artırar bəzəyini.
Bağa barsız deyəndə, yığarsan bəhərini.
***
Kim ki yanır həyatda, öz yanmağını danır,
Yanmağı bacaranlar yananları anlayır.
***
Qəlbdə yoxsa gözəllik, nəyə lazım bər-bəzək,
Qəlbdə gözəllik varsa, üz gözəl görünəcək.
***
Canda yorulur ürək, doğulur bir-bir dilək,
Arzu-dilək qoymayır, vaxtımızı düz bölək.
***
Ömür yükü ağırdır, qocanı tələsdirmə,
Özün də o yoldasan, minəcəksən tərkinə.
***
Hər əzanın zəhməti sənin özündən çoxdur,
Qəlbi əyri olanın əzaları naxoşdur.
***
Ömür də bəs eləmir kimsə iş vura başa,
Yollarda ömür dəyir özü də daşdan-daşa.
***
Budur həyat bazarı, ta əzəldən bax belə,
Kimisi xırdalayır, kim xırda tapmır verə.
***
Əyibsə həyat qəddin, kaş düz ola əməlin,
Baş uca, alın açıq, dərdlər aşsa da həddin.
***
Ağıl süzgəcindən keçirt, eşitsən yalanı,
Yalanlara inanan itirəcək imanı.
***
Yol yarğandan keçirsə, ayaq neyləsin ona,
Ayağın yorulsa da, yenə dayaqdır cana.
***
Cahilin qarşısına çıxsa əgər bir fağır,
Təəccüb etmə görsən, su yerinə qan axır.
***
Damcı-damcı günahlar yığılar, dərya olar,
O dəryanı düzəldən özü də orda batar.
***
Xasiyyətcə canlılar bənzəyir öz soyuna,
Kəhlana təpik atsan, bənzəməz o qoyuna.
***
Hər hansı bir borcunu geri verə bilərsən,
Bir minnət borcudur ki, hər zaman eşidərsən.
***
Xatası olan yolda baxmasan hər tərəfə,
Yetişməzsən hədəfə, ilişərsən kələfə.
***
İşlərin ən müşkülü yerləşir qurşağında,
Onun da ağlı olur sənin ixtiyarında.
***
Kim durarsa dan yeri qızarmamış yuxudan,
İşinə də yol aça gərək ulu Yaradan.
***
Başını əgər qoysan, eşq yolunda bedava,
Eşq beşiyin də qalmaz bir gün viran, xaraba.
***
Yağışlar yağsa əgər göy üzündən sadağa,
Dəmiyə əksən dəni, dolacaqdır çuvala.
***
Qəmginlik ənginlikdir, gəlməsə də gərəyə,
Bundan da pay verilib bu dünyada hərəyə.
***
Ağılla dolsa başın, demə ki, artıb yaşın,
Başın bəla çəkdikcə, ağılı tapır başın.
***
Yaltaq güdərsə əgər bir kimsədən ki xeyri,
Qarşısında əyilər onun yay kimi əyri.
***
Kəsilsə də burunlar, dəyişməyib üsullar,
Özgələrin işinə soxulur hey burunlar.
***
Vəcdə gəldiyin anda, dayanır orda zaman,
O anı elə yaşa, sonra etmə and-aman.
***
Dil də qürubçağıtək, Günəşi də batırar,
Çalış, dil şirin olsun, qaranlığı dağıdar.
***
Getdikcə nəyə baxsan, dəyişir baxışların,
Öz mənasın itirir bir gün qazandıqların.
***
Hər insanın varıdır fərqli “dünya baxışı,”
Dünyanınsa insana vardır bircə çıxışı.
***
İnsanlıq qətrə-qətrə paylansaydı hərəyə,
Olmayanlar götürməz, olan yığar şələyə.
***
Ağılın çəkisi gəlsəydi daş tərəziyə,
Ağıllı ağılsıza ağıl edər hədiyyə.
***
Yaşla fikir dəyişir, başla fikir çəkişir,
Hansında məntiq olsa, ağıl ona baş əyir.
***
Bil, əzəldən belədir, işi fani dünyanın,
Canı fəda edərsən, özgə görər faydasın.
Xalidə HİCRAN.
visiontv.az