Macarıstan dünya siyasətində önəmli rol oynayan ölkədir. Bir neçə yüz il öncəni qoyaq bir tərəfə, son 37 illik proseslərdə bu ölkənin dünya siyasətinə necə təsir göstərdiyi tarixə yaxşı məlumdur.
Sosialist düşərgənin dağılmasında Macarıstan açar ölkə olub. 1989-cu ildə bu düşərgə sarsılmağa başladı. 2 may 1989-da Macarıstan Avstriya ilə sərhədlərini açdı və bu, “dəmir pərdə”nin sökülməsinə gətirib çıxardı. Macarıstanın addımı qarşısıalınmaz prosesə çevrildi, yekunda sosialist düşərgə dağıldı, SSRİ süqut etdi.
Son illər isə əks proses gedirdi. Orban hökuməti Avropa İttifaqının siyasətinin ziddinə addımlar atırdı. Xordan kənara çıxırdı. Rusiya başda olmaqla, Aİ ilə ziddiyyət təşkil edən bir sıra ölkələrlə, liderlərlə yaxın əlaqələr qurmuşdu. Macarıstanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi qoşulması, Orbanın türk dövlət başçıları ilə dostluq əlaqələrini möhkəmlətməsi, türk dünyası ilə siyasi-mədəni əlaqələri gücləndirməsi, Avropanın tarixən qorxulu yuxusu olan Turançılıq ideyasına açıq dəstəyi Qərbdə ona qarşı cəbhəni böyütdü.
Əslində Macarıstan tarixən Şərqlə Qərbin qovaşağında yerləşən ölkə kimi strateji əhəmiyyət daşıyıb. Avstriya imperiyası ilə Osmanlı imperiyası arasında bufer zona olub. Bu ölkənin türk dünyası ilə əlaqələri indinin məsələsi deyil.
Macarıstan 37 il öncə totalitarizmin dağılmasında önəmli rol oynadı. Bəşəriyyətə ən böyük töhfələrdən birini verdi. Bu ölkənin yeni iqtidarının bəşəriyyətə, onun bir parçası olan türk dünyasına, dünya siyasətinə hansı sürprizlər hazırladığını isə zaman göstərəcək...
Azər Ayxan
visiontv.az