"Azərbaycan beynəlxalq sülh gündəliyini dəstəklədiyini Antalya Diplomatik Forumunda da bir daha nümayiş etdirir".
Visiontv.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
H.Hacıyev Azərbaycanın öz siyasətində regional mənsubluğu tam şəkildə dəstəklədiyini vurğulayıb:
"Regionun problemləri region ölkələri tərəfindən həll olunmalıdır. Azərbaycan Prezident İlham Əliyevin şəxsində regional liderlik, regional təşəbbüslülük, regional məsuliyyət, həmçinin regional əməkdaşlıq və inteqrasiya prinsiplərini əyani şəkildə nümayiş etdirərək Cənubi Qafqazda və onun hüdudlarından kənarda yeni geosiyasi status-kvonun formalaşmasını həyata keçirib. Bunun başlıca vəsiləsi kimi Ermənistan-Azərbaycan münaqişəsinin məhz hərbi-siyasi yollarla həll olunması, dünyada münaqişənin həll edilməsinin çox unikal bir modelinin ortaya qoyulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsidir".
O, münaqişənin həll edilməsi ilə bağlı uzun illər region xaricində olan təsisat və qüvvələr tərəfindən modellər hazırlandığını, onların hamısının fəaliyyətinin uğursuz olduğunu xatırladıb:
"Minsk qrupunun fəaliyyətini burada qeyd edə bilərdik. Prezident İlham Əliyevin regional mənsubluq və liderlik siyasəti Cənubi Qafqazda yeni reallığı təmin etmiş oldu. Bu xüsusda Ermənistan tərəfi də regionda yaranmış sülh gündəliyinin faydalarını görür və əhəmiyyətini dərk edir.
Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycan resurslarının dünya bazarına çıxarılması ilə yanaşı, regionumuzda yeni əməkdaşlıq formatını və platformasını yaradıb. Azərbaycanın hazırda regionda qurduğu və inkişaf etdirdiyi bağlantılar, bu xüsusda Zəngəzur dəhlizi konsepsiyasının inkişafı regionda yeni imkanlar vəd edir".
visiontv.az