İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbçilərinin yerləşdiyi Fars körfəzi ölkələrinə hücumlar təşkil etmək məqsədilə İraqda yeni gizli hüceyrələr yaradıb. Bu qruplaşmaların aşkarlanmamaq üçün ənənəvi silahlı şəbəkələrdən yan keçərək fəaliyyət göstərdiyi bildirilir.
Bu barədə "Reuters" agentliyinə İraqdan olan səkkiz mənbə məlumat verib.
Mənbələrin məlumatına görə, hər birində təxminən 10 elit döyüşçü olan üç və ya dörd dəstə aprelin 20-dən mayın 17-dək cənubdakı Bəsrə və Səmavə şəhərləri yaxınlığındakı səhra ərazilərindən Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki hədəflərə ən azı yeddi pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.
Onların bəzi üzvləri minlərlə döyüşçüsü olan radikal qrupların çətir təşkilatı kimi tanınan "İraqdakı İslam Müqaviməti"ndən cəlb edilib. Lakin, aralarında iki İraq hərbi rəsmisi, bir təhlükəsizlik rəsmisi və beş yerli silahlı dəstə komandiri olan mənbələr iddia edirlər ki, yeni qruplar bu təşkilatın komandanlıq strukturundan kənarda fəaliyyət göstərir və birbaşa SEPAH-a tabedirlər.
Beş komandir qeyd edib ki, əvvəllər açıqlanmayan bu yeni hüceyrələrin yaradılması SEPAH-ın taktikasında dəyişiklikdən xəbər verir. Bu addım, İranın dəstəklədiyi qruplaşmaların zəiflədiyi, eləcə də ölkənin öz hərbi və iqtisadi resurslarının tükəndiyi bir vaxtda Tehranın bütün regionda güc tətbiq etmək qabiliyyətini qoruyub saxlamağa yönəlib. Əhalisinin əksəriyyəti şiə olan İraqda bir çoxu Tehranla sıx əlaqələrə malik çoxsaylı hərbiləşdirilmiş birləşmələr mövcuddur. Bu qüvvələr Qəzza zolağı və Livandan tutmuş Yəmən və İraqa qədər uzanan İranın regional "Müqavimət Oxu"nun əsas sütununu təşkil edirlər.
visiontv.az