Konstans və imperia: tarixlə ironiyanın qovuşduğu yer
14.04.2026

Almaniyanın cənubunda yerləşən Konstans şəhəri. Xəritədə balaca bir yer kimi görünsə də tarixdə iz qoymuş bir şəhərlərdən biridir. O, Bodensee gölünün sahilində yerləşir; qarşı sahildən isə artıq İsveçrə başlayır. Bu coğrafiya təsadüfi deyil: Konstans əsrlər boyu sərhədlərin deyil, yolların şəhəri olub.

Orta əsrlərdə burada keçirilən Konstans Konsili (lat. Concilium Constantiense, 1414-1418) Avropa tarixinin dönüş nöqtəsi sayılır. Katolik dünyasının parçalandığı, birdən çox papanın ortaya çıxdığı bir dövrdə, bu şəhər nizam yaratmaq üçün seçilmişdi. Amma tarix çox vaxt paradoksları sevir – nizam yaratmaq üçün toplaşanlar özləri də xaosun bir parçası idilər…

Konstans… Sakit göl, dar küçələr, qədim evlər. Amma bu sakitliyin altında güclü bir yaddaş yaşayır: din, siyasət və hakimiyyət uğrunda mübarizənin tarixi…

İmperia heykəli – gücün maskasını yırtan obraz

Konstans limanına ilk dəfə həyat yoldaşımla gəlmişdim. Şıdırğı bir yağış yağırdı. Uzaqdan yavaş-yavaş fırlanan heykəli – şəhərin simvolu sayılan İmperia-nı görüb bu nəhəng heykəlin yanına qədər getmişdik. Həmin səfərdə heykəli yaxşı incələyə bilməmişdim…

Bu dəfə isə günəşli bir həftəsonudur. İsveçrənin gözəl Sürixindən Almaniyanın gözəl Konstansına gəlmişəm.

Heykəl klassik mənada “abidə” deyil. Çünki İmperia açıq-aşkar bir satiradır. Alman heykəltəraşı Peter Lenk tərəfindən 1993-cü ildə yapılan 9 metr hündürlüyündəki bu qadın fiquru əllərində iki balaca kişi tutub. Biri Papadır, digəri isə İmperator.

Lakin Papa da, İmperator da güçlü fiqurlar deyil. Müəllif onları kukla kimi göstərib. “İmperia” obrazı əslində Onore de Balzakın “La Belle Imperia” əsərindən gəlir. Balzak burada bir fahişə obrazı vasitəsilə Avropanın siyasi və dini elitasını ifşa edir. Lenk isə bu ideyanı heykəltəraşlıqda konkret formaya salıb. Heykəlin mesajı açıqdır –

Güc sandığımız şey çox vaxt kiminsə əlində oyuncağa çevrilir. Başqa sözlə desək, tarixi yazanlar bəzən səhnədə deyil, səhnənin arxasındadırlar...

Heykəlin fırlanması təsadüfi detal deyil

“İmperia” heykəli yavaş-yavaş öz oxu ətrafında fırlanır.

Bu, sadəcə texniki effekt deyil, simvoldur.

Hakimiyyət də belədir. Bu gün sənin əlində olan güc, sabah başqasının əlindədir.

Papa və İmperator… Bir vaxt dünyanın mərkəzi sayılan fiqurlar burada bir qadının barmaqları arasında oyuncağa çevriliblər…

Konstans sakit şəhərdir. Amma onun limanında duran “İmperia” sakit deyil.

O, sənə baxır, amma danışmır – düşündürür:

Tarixdə kim həqiqətən iz buraxır – güclü olanlar, yoxsa o gücü idarə edənlər?

Bir bir və ya daha çox şəxs və abidə şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az