İsveçrə danışıqlarında fasilə: İran nümayəndə heyəti Tehrana qayıdıb
23.06.2026

İsveçrənin Burgenştok qəsəbəsində İran, ABŞ, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən danışıqların ilk mərhələsi başa çatıb. Təxminən 80 dəqiqə davam edən əsas görüşdən sonra tərəflər daxili məsləhətləşmələr üçün fasilə verib, İran nümayəndə heyəti isə Tehrana qayıdıb.

Burgenştokda keçirilən görüşlərin əsas mövzuları Livanda ümumi atəşkəs, İranın dondurulmuş aktivlərinin azad edilməsi və İslamabad memorandumunun icrası olub.

İran tərəfi yekun saziş üzrə danışıqlara yalnız Vaşinqtonun əvvəlki öhdəliklərini yerinə yetirməsindən sonra keçə biləcəyini bildirib.

İran nümayəndə heyətinin sözçüsü İsmayıl Bəqayi əsas məqsədin yeni sənəd imzalamaq deyil, əvvəlki razılaşmaların icrasını yoxlamaq olduğunu vurğulayıb.

Məlumata görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti gün ərzində ikitərəfli və çoxtərəfli görüşlər keçirib.

İlk raundun sonunda tərəflər texniki danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

Qətər və Pakistanın yaydığı birgə bəyanatda 60 günlük yol xəritəsinin razılaşdırıldığı bildirilib.

Sənədə əsasən, danışıqlara nəzarət edəcək Ali Komitə yaradılacaq və texniki işçi qrupları fəaliyyətə başlayacaq.

Tərəflər arasında birbaşa təmas xəttinin yaradılması da nəzərdə tutulur.

İran xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, vasitəçilərin səyləri nəticəsində ölkənin bəzi dondurulmuş aktivləri azad edilib.

Onun sözlərinə görə, neft və neft-kimya ixracına tətbiq edilən bəzi məhdudiyyətlər də yumşaldılıb.

Pakistanın baş naziri Şahbaz Şərif isə danışıqların sülh və sabitliyə xidmət edəcək mühüm sənədlə nəticələnəcəyinə ümid etdiyini bəyan edib.

Bununla yanaşı, ABŞ prezidenti Donald Trampın sərt bəyanatları danışıqlar prosesinə əlavə siyasi kölgə salıb. Bununla belə texniki müzakirələrin həftənin sonuna qədər davam edəcəyi açıqlanıb.

visiontv.az