İnsanın dünyası onun dilindən böyük ola bilməz
23.06.2026

XX əsr fəlsəfəsində elə fiqurlar var ki, onlar yeni sistem qurduqları üçün yox, köhnə düşünmə vərdişlərini dağıtdıqları üçün böyük sayılırlar. Lüdviq Vitgenşteyn məhz belə mütəfəkkirlərdəndir. O, fəlsəfəyə çoxlu cavablar vermədi; əksinə, bir çox hallarda sualların özünü dəyişdirdi. Bu isə bəzən cavab verməkdən daha radikal addımdır. Onun fəlsəfəsi bizi dünyadan çox, dünyanı necə ifadə etdiyimiz barədə düşünməyə məcbur edir. Bu səbəbdən də Vitgenşteyn yalnız fəlsəfə tarixinin bir adı deyil; o, düşüncənin özünü necə işlətməli olduğumuz barədə davam edən bir narahatlıqdır.

Vitgenşteynin adını eşidənlərin çoxu ilk növbədə onun məşhur cümləsini xatırlayır: “Dilimin sərhədləri dünyamın sərhədlərini müəyyən edir”. Bu ifadə həm qısa, həm də sarsıdıcıdır. İlk baxışda sadəcə aforizm kimi görünür. Lakin əslində burada dil, düşüncə və reallıq arasındakı münasibətə dair çox ciddi iddia var.

Vitgenşteyn “dünya” deyəndə sadəcə fiziki reallığı nəzərdə tutmur. Onun üçün dünya insanın mənalandıra bildiyi reallıqdır. İnsanın dünyası onun görə, fərqləndirə və əlaqələndirə bildiyi qədərdir. Bu imkanların hamısı isə dildən keçir.

Buradakı əsas fikir budur: dil sadəcə ünsiyyət aləti deyil. Dil düşüncənin formasıdır. İnsan reallığı birbaşa, “xam” şəkildə qavramır; onu anlayışlara bölür, adlandırır, təsnif edir. Adlandıra bildiyi şey onun üçün müəyyənləşir. Adlandıra bilmədiyi isə çox vaxt ya görünməz qalır, ya da yalnız dumanlı hiss səviyyəsində mövcud olur. Bu baxımdan dilin sərhədləri, əslində, insanın görmə, düşünmə və anlama sərhədləridir. Dilin kasadlığı dünyanı daraldır, dilin genişliyi isə dünyanı böyüdür.

Bu fikir niyə bu qədər vacibdir? Çünki o, çox yayğın bir rahatlığı dağıdır: guya biz dünyanı olduğu kimi görürük. Vitgenşteyn isə əksinə deyir: biz dünyanı dilimizin bizə imkan verdiyi qədər görürük. Dil hansı fərqləri qurursa, düşüncə də həmin fərqlərlə işləyir. Dil hansı əlaqələri yaradırsa, şüur da o əlaqələr daxilində hərəkət edir. Bu baxımdan dil yalnız dünyanı təsvir etmir; müəyyən mənada onu bizim üçün qurur. Bu fikir müasir dilçilikdən tutmuş semiotikaya, idrak elmlərinə və hətta süni intellekt nəzəriyyələrinə qədər geniş təsir göstərmişdir.

Vitgenşteynin fəlsəfəsinin birinci mərhələsi əsasən bu yanaşma ilə bağlıdır. Onun ilk böyük əsəri olan “Məntiqi-Fəlsəfi Traktat” (Tractatus Logico-Philosophicus) XX əsr analitik fəlsəfəsinin ən təsirli mətnlərindən biri hesab olunur. Burada o, dünyanı “faktların cəmi” kimi təsvir edirək dilin bu faktların məntiqi “şəkli” olduğunu iddia edir. Bu nəzəriyyəyə görə, dil o zaman mənalıdır ki, reallığın strukturunu müəyyən şəkildə əks etdirsin. Yəni cümlə ilə dünya arasında formal uyğunluq olmalıdır. Bu yanaşma son dərəcə kəskin və sistemlidir. O qədər kəskin ki, Vitgenşteyn bir müddət fəlsəfənin əsas problemlərini həll etdiyini düşündü.

Ancaq Vitgenşteynin əsl böyüklüyü yalnız sistem qurmaqda deyil, onu dağıtmaq cəsarətində idi. Sonrakı mərhələdə, xüsusilə “Fəlsəfi Tədqiqatlar” (Philosophical Investigations) əsərində o, əvvəlki sərt mövqeyini tənqid etdi və dilə fərqli baxmağa başladı. Burada “dil oyunları” anlayışı meydana çıxır. Bu anlayışa görə dil vahid, yekcins və hər yerdə eyni qaydada işləyən bir sistem deyil. Elmi dil, dini dil, gündəlik danışıq, hüquqi terminologiya, əmr, zarafat, dua, sual – bunların hamısı fərqli dil oyunlarıdır və hər birinin öz qaydaları var. Fəlsəfi qarışıqlıq isə çox vaxt bu oyunların qaydalarını bir-birinə qarışdıranda yaranır.

Buradan Vitgenşteynin ən mühüm nəticələrindən biri çıxır: bir çox fəlsəfi problem əslində real problem deyil, dilin yanlış istifadəsinin nəticəsidir. Başqa sözlə, fəlsəfə bəzən yeni həqiqətlər kəşf etməkdən çox, sözlərin bizi saldığı qarışıqlığı təmizləmək işinə çevrilir. Məhz buna görə Vitgenşteyn fəlsəfəni nəzəriyyə qurmaq sahəsi kimi yox, düşüncənin düyünlərini açmaq üsulu kimi başa düşürdü. Bu yanaşma sadə görünə bilər, lakin nəticəsi olduqca radikaldır: əgər problem dilin yanlış istifadəsindən doğursa, onda fəlsəfənin vəzifəsi də yeni sistem qurmaq deyil, zehni qarışıqlığı aradan qaldırmaqdır.

Bu nöqtədə onun digər məşhur fikri yada düşür: “Danışmaq mümkün olmayan haqqında susmaq lazımdır”. Bu cümlə çox vaxt mistik və ya həddindən artıq qapalı görünür. Əslində isə burada epistemoloji təvazökarlıq var. Vitgenşteyn demək istəyirdi ki, dilin sərhədlərindən kənara çıxmağa çalışan düşüncə tez-tez saxta problemlər və saxta dərinlik yaradır. Bu, bilikdən qaçmaq deyil; düşüncənin dürüstlüyüdür. İnsan hər şey haqqında danışa bilməz. Bəzən susmaq düşüncənin zəifliyi yox, gücüdür.

Vitgenşteynin nəzəri gücü onun həyatından ayrı düşünülə bilməz. O, 1889-cu ildə Vyanada, Avropanın ən zəngin və mədəni ailələrindən birində doğulmuşdu. Atası Karl Vitgenşteyn sənaye maqnatı idi, ailənin evi isə dövrün böyük musiqiçilərinin və intellektuallarının toplaşdığı məkana çevrilmişdi. Amma bu parlaq mədəni mühitin altında dərin ailə faciələri də vardı. Ailədə bir neçə intiharın baş verməsi onun daxili sərtliyinə və mənəvi tələbkarlığına ciddi təsir göstərmişdi. Vitgenşteynin həyatını oxuyanda hiss olunur ki, o, rahat və harmonik həyat üçün yaranmış adam deyildi. Onun intellektual həyatı da, şəxsi həyatı da daimi daxili mübarizə ilə səciyyələnirdi.

Onun fəlsəfəyə gəlişi də asan olmamışdı. Əvvəl mühəndisliklə məşğul oldu, Mançesterdə aeronavtika sahısində çalışdı. Daha sonra riyaziyyatın əsasları ilə maraqlanmağa başladı və bu maraq onu məntiqə, oradan da fəlsəfəyə gətirdi. Gottlob Frege ilə tanışlıq həlledici dönüş nöqtəsi oldu. Frege onu Kembricə, Bertran Rasselin yanına göndərdi. Rassel qısa müddətdə anladı ki, qarşısındakı adi tələbə deyil. Onun Vitgenşteyni “dahilərin dahisi” adlandırması tərifdən çox, saf məntiqə əsaslanan həqiqət idi.

Bununla belə, Vitgenşteyn klassik akademik yüksəliş hekayəsi yaşamır. O, Birinci Dünya müharibəsində könüllü olaraq cəbhəyə gedir. Səngərdə yazır, düşünür və ən mühüm əsərlərindən biri olan Tractatus da məhz bu savaş şəraitində yazılır. Sonra fəlsəfəni tərk etdiyini düşünür, kənd müəllimi olur, bağban kimi çalışır, memarlıqla meyl salır, sonra yenidən Kembricə qayıdır, professor olur. Bu keçidlər zahiri qəribəlik deyildi, onun xarakterindəki ifrat intizamın təzahürüdür. O, düşüncəni sadəcə nəzəri sahədə deyil, həyatın içində sınamaq istəyirdi.

Vitgenşteynin şəxsiyyəti onun fəlsəfəsinin davamı idi: sərt, dəqiq və güzəştsiz. O, insanları rahat buraxmırdı. Tələbələrindən biliklərini nümayişi etdirmələrini yox, intellektual dürüstlük tələb edirdi. Onunla ünsiyyət quran bir çoxları eyni şeyi deyirdi:

Vitgenşteynin yanında olmaq insanı öz düşüncəsi ilə üz-üzə qoyurdu. O, insanlara filosof kimi yox, düşüncənin vicdanı kimi təsir edirdi. Vitgenşteyn sözün ən ciddi mənasında insanı öz dediyi ilə, düşündüyü ilə və demədiyi ilə qarşılaşdırırdı.

Onun bioqrafiyasında mübahisəli bir detal da tez-tez xatırlanır: Linz məktəbində oxuduğu illərdə Adolf Hitlerlə eyni məktəbdə olduğu iddiası. Lakin bu məsələ elmi baxımdan qəti təsdiqlənmiş fakt deyil və daha çox mifoloji çalara malikdir. Burada vacib olan, bəlkə də, faktın özündən çox onun yaratdığı simvolik qarşıdurmadır: biri dili manipulyasiyanın silahına çevirdi, o biri isə dilin düşüncəni necə formalaşdırdığını və harada bizi aldatdığını analiz etdi. Bu simvolik kontrast Vitgenşteynin niyə bu qədər aktual qaldığını anlamağa kömək edir.

Bu gün Vitgenşteynin təsiri analitik fəlsəfədə, dil fəlsəfəsində, müasir dilçilikdə, formal sistemlər nəzəriyyəsində və hətta süni intellekt müzakirələrində hiss olunur. Çünki onun əsas sualı dəyişməyib: mənanın təbiəti nədir? Söz nə vaxt mənalı olur? İnsan dilin içində necə düşünür? Bu suallar indi yalnız fəlsəfənin deyil, texnologiyanın da mərkəzində dayanır. Süni intellekt modellərinin “başa düşməsi”, semantik strukturlar, formal qaydalar, istifadə konteksti – bütün bunlar Vitgenşteynin açdığı problemlərlə qohum mövzulardır.

Vitgenşteyn düşüncəyə rahatlıq gətirən filosof deyil. O, düşüncəni təmizləyir, amma bunu edərkən əvvəlcə onu sarsıdır. Məhz buna görə o, bu gün də vacibdir. Çünki müasir insanın böhranı çox vaxt bilik çatışmazlığından yox, sözlərin, mənaların və sualların qarışmasından doğur. Vitgenşteyn isə bizi o qarışıqlığın mənbəyinə – dilin özünə qaytarır.

Və bəlkə də onun fəlsəfəsindən çıxan ən sərt nəticə budur:

İnsanın dünyası onun dilindən böyük ola bilməz.

İbrahim Nəbioğlu

visiontv.az