II Qaregin və erməni yepiskoplarının cinayət işi məhkəməyə göndərildi
29.07.2026

Ermənistan Baş Prokurorluğu bütün ermənilərin Katolikosu II Qaregin və erməni həvari kilsəsinin daha altı yepiskopu barəsində cinayət işi üzrə ittiham aktını təsdiqləyərək materialları məhkəməyə göndərib.

Visiontv.az  xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş Prokurorluğuna istinadən erməni mediası yayıb.

Katolikos, Artaşat şəhərindəki Masiaçotn yeparxiyasının keçmiş rəhbəri  Arman (kilsə adı Gevorq) Saroyanın işi üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaqda təqsirləndirilir. Vaxtilə Saroyan II Qareginin istefasını və yeni dini liderin seçilməsini tələb etdiyi üçün yeparxiya rəhbəri vəzifəsindən kənarlaşdırılıb və yepiskop rütbəsindən məhrum edilib.

Buna cavab olaraq din xadimi məhkəməyə müraciət edib və vəzifəsinə bərpa olunması barədə qərar əldə edib. Həvari kilsəsi qərarın ləğvi üçün vəsatət qaldırsa da, məhkəmə hökmü qüvvədə saxlayıb. Bütün bunlara baxmayaraq, Saroyan Masiaçotn yeparxiyasının rəhbəri vəzifəsinə və dini rütbəsinə bərpa olunmayıb.

Xatırladaq ki, 2020-ci ildən etibarən Ermənistanda dövlət hakimiyyəti ilə erməni həvari kilsəsi arasında gərginlik davam edir. Kilsə rəhbərliyi müntəzəm olaraq baş nazir Nikol Paşinyanın siyasi kursunu tənqid edir. Münaqişə 2025-ci ilin əvvəlində, Paşinyanın İsveçrədə erməni icması ilə görüşü zamanı həvari kilsəsinin fəaliyyətinin iqtisadi baxımdan şəffaf olmadığını, lakin katolikosu dəyişmək niyyətində olmadığını bildirməsindən sonra daha da kəskinləşib.

Daha sonra hökumət başçısı öz mövqeyini sərtləşdirərək kilsə rəhbərliyini korrupsiyada və "kriminal-oliqarxik" qəsddə iştirakda günahlandırdı, eləcə də katolikosun dəyişdirilməsinə çağırışlar etdi. Bununla yanaşı, kilsəni dəstəkləyən bir sıra iş adamları və din xadimlərinə qarşı da cinayət işləri açıldı.

visiontv.az