Mənim Bakıya səfərim Bişkekdə ŞƏT çərçivəsində liderlərimizin görüşünün davamı sayıla bilər.
Bunu Hindistan xarici işlər naziri Subramanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, müzakirələr münasibətlərin müxtəlif aspektlərinə fokuslanıb: “Bizim əməkdaşlığımızla bağlı Prezident İlham Əliyev xeyli vaxt ayırdı və müzakirələr apardıq. Xalqlarımızın böyük tarixi var, biz bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu da təməl yaradır ki, münasibətlərimizi yüksək səviyyəyə qaldıraq”.
Subramanyam Cayşankar iki ölkə arasında investisiyaların və ticarət əlaqələrini genişləndirmək istədiklərini vurğulayıb.
O qeyd edib ki, Hindistan şirkətləri neft və qaz sektoruna investisiya yatırmağa maraq göstərir: “Bağlantılar qlobal iqtisadiyyatda çox vacibdir və bu gün bu barədə geniş müzakirələr apardıq. Hindistan bu gün beynəlxalq nəqliyyat dəhlizlərinə sərmayələr qoyur. Bu barədə müzakirələrimiz davam edəcək”.
visiontv.az