FTB əks-kəşfiyyat agenti Monika Vittinin yerini deyən şəxsə 200.000 dollar mükafat verəcək
30.05.2026

Təqribən iki həftə əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun Vaşinqton Ofisi İranın xeyrinə casusluqda, o cümlədən milli müdafiə məlumatlarını İran hökumətinə ötürməkdə ittiham olunan keçmiş hərbi qulluqçu və əks-kəşfiyyat agenti Monika Vittin tutulmasına və məhkəmə qarşısına çıxarılmasına kömək edəcək məlumat üçün 200.000 dollar mükafat təklif etdiyini açıqlayıb.

Qurumun bununla bağlı yaydığı məlumatda 2019-cu ilin fevral ayında Kolumbiya Dairəsinin federal böyük münsiflər heyəti tərəfindən elan olunan ittiham aktına istinad olunub. Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş hərbi kəşfiyyat mütəxəssisi və Hərbi Hava Qüvvələrinin Xüsusi Təhqiqatlar Ofisinin özəl agenti olan Monika Vitt 1997-2008-ci illərdə orduda xidmət edib, daha sonra isə 2010-cu ilə qədər ABŞ hökuməti üçün müqavilə əsasında çalışıb. Hərbi xidməti və fəaliyyəti ona xarici kəşfiyyat və əks-kəşfiyyatla bağlı məxfi və çox məxfi məlumatlara, o cümlədən ABŞ kəşfiyyatının gizli əməkdaşlarının həqiqi adlarına çıxış imkanı verib. 2013-cü ildə İrana qaçan Vitt məxfi məlumatları İran hökumətinə təqdim edib və bununla da ABŞ-ın həssas milli müdafiə məlumatlarını və proqramlarını risk altında qoyub. Qeyd olunub ki, Vitt xaricdə yerləşən ABŞ personalını və onların ailələrini təhlükəyə atan məlumatları bilərəkdən təqdim edib. Həmçinin onun İran rejimi adından araşdırmalar apardığı və bunun vasitəsilə ABŞ hökumətindəki keçmiş həmkarlarının hədəfə alınmasına şərait yaratdığı bildirilir. “Vitt iddia edilən cinayətlərinə görə ittiham olunsa da, hələ də azadlıqdadır. Federal Təhqiqatlar Bürosu Vittin yerini müəyyən etmək və onu ədalət məhkəməsi qarşısına çıxarmaq istiqamətində fəal işini davam etdirir” – deyə, qurumun məlumatında vurğulanıb. Qeyd edək ki, Monika Vittin adı Federal Təhqiqatlar Bürosunun çox axtarılan şəxslər siyahısında yer alıb və burada onun fars dilini bildiyi, İranda yaşadığı, Fatimə Zəhra və Nərgis Vitt adları ilə tanındığı əksini tapıb.

visiontv.az