Belarusda məhkəmə Avropa Şurasının saytını 'ekstremist' sayıb, beş gün sonra qərarı ləğv edib
17.12.2025

Dekabrın 10-da Minsk şəhərinin Partizanski rayon məhkəməsi Avropa Şurasının rəsmi saytının "ekstremist" kimi tanınması ilə bağlı öz qərarını ləğv edib. Xəbəri "Vyasna" hüquq müdafiə mərkəzi yayıb.

Elə həmin məhkəmə dekabrın 5-də Avropa Şurasının saytının "ekstremist" kimi tanınması barədə qərar çıxarmışdı.

2020-ci ildə Belarus hakimiyyəti etirazçılara qarşı genişmiqyaslı repressiyalara başlayandan Avropa İttifaqı (Aİ) Aleksandr Lukaşenko rejiminə sərt sanksiyalar tətbiq edib. Repressiya dalğası minlərlə insanın həbsi ilə nəticələnib. "Vyasna" 2020-ci ildən bəri 7 min 840-dan çox şəxsin siyasi motivli işlər üzrə məhkum edildiyini bildirir.

Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra sanksiyaların ikinci dalğası başlanıb. Belarus ordusu rəsmən Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmir, amma Lukaşenko ölkə ərazisini Rusiya qoşunlarının keçidi, müvəqqəti yerləşməsi üçün açıb. 2024-cü ilin sentyabrında Avropa Parlamenti Lukaşenkonun Rusiyanın Ukraynaya qarşı təcavüzündə və uşaqların aparılmasında iştirakını pisləyib, Haaqa Beynəlxalq Cinayət Məhkəməsini onun barəsində həbs orderi verməyə çağırıb.

visiontv.az