Zelenski Azərbaycan qazının Ukrayna üzərindən Avropaya tədarükünə hazır oldugunu deyib
28.01.2025

Ukrayna Prezidenti Volodimir Zelenksi Azərbaycan qazının Avropaya tranzitini həyata keçirməyə hazır olduqlarını bildirib.


Zelenski Moldova Prezidenti Maya Sandu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan geniş ixrac həcminə malikdir və bu məsələni Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə edib.

“Azərbaycan 25 milyard kubmetr ixrac həcminə malikdir. Şərqi Avropa ölkələri də daxil olmaqla qaza ehtiyacı olan ölkələrə infrstrukturlarımızdan istifadə edərək qaz tədarük etməyə hazırıq. Amma Rusiya qazını yox”, Zelenski deyib.

Rusiya qazının Ukrayna üzərindən Avropa ölkələrinə ixracı yanvarın 1-də tranzit müqaviləsinin müddətinin başa çatması ilə dayandırılıb.

“Biz rusların qazanc əldə etməsinə imkan verməyəcəyik”, Ukrayna Prezidenti müqavilənin uzadılmaması ilə bağlı hüquqi və mənəvi haqlarının olduğunu deyib.

“Bəs Azərbaycana öz istehsallarından qazanc əldə etmələrinə imkan verəcəyikmi? Məmnuniyyətlə. Bizim əla münasibətlərimiz var. Slovakiyaya və digər ölkələrə kömək etmək? Məmnuniyyətlə, əgər söhbət Rusiya qazından getmirsə”, Zelenski əlavə edib.

Azərbaycan və Ukraynanın dövlət başçıları yanvarın 22-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. Rəsmi Bakı görüş zamanı siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr, energetika sahəsində əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu bildirib.

Avropa Komissiyası Ukrayna üzərindən Rusiya qazının tədarükünün dayandırılmasının “təchizat təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq doğurmadığını” bildirsə də, Macarıstan və Slovakiya buna etiraz edir.

Macarıstanın Baş naziri Viktor Orban yanvarın 24-də yerli mediaya müsahibəsində Ukraynanın qaz marşrutunu açmayacağı təqdirdə, Rusiyaya qarşı sanskiyaları yeniləməyəcəyi ilə hədələyib.

“Əgər ukraynanılar Rusiyanın sanskiya edilməsi üçün kömək istəyirlərsə, onda qaz marşrutunu yenidən açın və Mərkəzi Avropa ölkələrinə, o cümlədən Macarıstana lazım olan qazı Ukrayna vasitəsilə idxal etməyə icazə verin”, Orban deyib.

Avropa İttifaqının (Aİ) Rusiyanın Ukraynada müharibəyə başlamasından bəri tətbiq etdiyi sanskiyaların qüvvədə qalması üçün hər altı aydan bir Aİ ölkələrinin yekdil qərarı olmalıdır və hazırkı möhlət yanvarın 31-də başa çatır.

visiontv.az



Gündəlik

slide 8 to 11 of 8