Paşinyan prezident İlham Əliyevin maneəsiz gediş-gəliş şərtini qəbul etdi
02.02.2025

Prezident İlham Əliyev Nəqliyyat müşavirəsində "Zəngəzur" dəhlizi ilə Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi üçün Ermənistan tərəfinə əsas şərt olduğunu vurğuladı. Ermənistan Baş naziri Nikol Paşinyan prezident İ. Əliyevin bu şərtinə cavab verərək maneəsiz gediş-gəlişə etiraz etmədiyini və bunun Ermənistanın yuridiskiyası çərçivəsində olacağını qeyd etdi.

Ümumiyyətlə, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə etiraz etmir. Amma, Ermənistan tərəfi rəsmi Bakının maneəsiz gediş-gəliş təklifini suverenliyə müdaxilə kimi qəbul edərək, etiraz edirdi. Artıq N. Paşinyan Azərbaycanın bu təklifini qəbul etmiş oldu.

Ermənistan tərəfi nəqliyyat yollarının birgə açılması üçün Azərbaycana təkliflər göndərib. Demək olar ki, Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli mövqelərdə yaxınlaşma var. Rusiyanın dəhlizə nəzarəti isə, danışıqlar predmetindən tam çıxarılıb. Yəni, Rusiya prosesdə yoxdur.

Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı ikitərəfli danışıqlar müstəvidə razılığa gəlməsi mümkündür. Çünki, N. Paşinyan İran ərazisindən Naxçıvanı birləşdirən yolun açılmasından narahatdır. Bu, Ermənistanı növbəti mərhələdə iqtisadi blokadada saxlaya bilər. Ona görə də N. Paşinyan Azərbaycan prezidentinin təklifinə dərhal cavab verərək maneəsiz gediş-gəlişə etiraz etmədiyini bəyan etdi. Bu yolun təhlükəsizliyin təmin edilməsinə gəldikdə isə, Azərbaycan özü bu yola nəzarət etməyi təklif edib. Amma, Ermənistan razı deyil. İkitərəfli birgə patrul sistemi də qarşılıqlı etimad olmadığı üçün mümkün görünmür.

Zəngəzur dəhlizinə nəzarəti təhlükəsizlik sahəsində ixtisaslaşmış beynəlxalq bir quruma müvəqqəti vermək olar. Əgər, Zəngəzur dəhlizində təhlükəsizliy normativlərə uyğun olacaqsa, sərnişin daşımaları mümkündür. Amma, Azərbaycan bir müddət yükləri Zəngəzur dəhlizi ilə, sərnişinləri isə, İran ərazisindən daşımalıdır.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

visiontv.az



Gündəlik

slide 12 to 15 of 8