Zehniyyət fərqi...
Zehniyyət fərqi...
19.01.2022 Bəybala Mirzəyev Tərəfindən

Söhbət Ərdoğanla Putinin, Qərb liderləri ilə Putinin zehniyyət, dünyagörüşü, zamanla ayaqlaşa bilmək fərqindən gedir.

Putinin qonşu ölkələrə və Qərbə qarşı aqressiv münasibəti onu göstərir ki, bu adam hələ də 20-ci əsrin 60/70-ci illərində - "Soyuq müharibə" rüzgarlarının ən sərt formada əsdiyi dönəmlərdə ilişib qalıb. Kreml rəhbəri cismən bizimlə bir dövrdə yaşasa da, ancaq təfəkkür etibarilə 21-ci əsrə adlaya bilməyib.

Bunu ən anlaşıqlı halıyla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Albaniyadan səfərdən qayıdarkən, jurnalistlərə verdiyii açıqlamasından da görmək mümkündür.

Ərdoğan deyir:

“Rusiyanın Ukraynaya təcavüzünü real yanaşma kimi görmürəm. Çünki Ukrayna sıradan ölkə deyil. Ukrayna qüdrətli ölkədir. Həmçinin Rusiyanın bu addımı atması üçün bütün dünyadakı durumu və özünün vəziyyətini nəzərdən keçirməlidir. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilməz. Bu da düzgün olmazdı. Artıq müharibəni siyasət tarixindən silmək lazımdır. Bu işlər “Mən bir yerin torpaqlarını işğal edim, alım” məntiqi ilə getməyəcək. Məsələn, Rusiya Ukraynada nə etdi? Krımı ələ keçirdi. Mən həmişə cənab Putinlə keçirdiyim hər görüşdə ona deyirəm ki, biz Krımın işğalının əleyhinəyik. Xarici işlər nazirimiz də həmsöhbətlərinə bunu deyir. Yəni bu məsələdə siyasətimiz aydındır”.

Fərqi hiss etdinizmi?

Baxın, Türkiyə lideri qeyd edir ki, "artıq müharibəni siyasət tarixindən silmək lazımdır. Bu işlər “Mən bir yerin torpaqlarını işğal edim, alım” məntiqi ilə getməyəcək...".

Lakin Putin isə bu alqoritmlə düşünmür. Putin qonşularla münasibətlərə və dünya məsələlərinə hələ də Bismarkın, Napoleonun, Hitlerin, Səddam Hüseynin gözüylə baxır.

Putin sanki zaman və məkan hissiyyatını itirib. Ona elə gəlir ki, dünya heç dəyişməyib, dünya elə əvvəlki dünyadır. Rusiya lideri hazırda sivil dünyanın "müharibə", "işğal siyasəti", "dünya ağalığı" kimi anlayışlardan xeyli uzaqlaşdığını hiss etmir, görə bilmir.

Avropa Birliyi (Aİ) ölkələrinin liderlərinə, NATO rəhbərliyinə harasa hücum etmək, kimisə müharibə ilə hədələmək, hansısa ölkəni və ya bütövlükdə beynəlxalq birliyi şantaj etmək kimi davranışlar olduqca qəribə gəlir.

Putinin Xruşşovsayağı bu davranışları onları həm heyrətləndirir, həm də kinayəli gülüş doğurur.

Onlar qonşularla və dünya birliyi ilə güc ritorikası ilə danışmağı, müharibə ilə təhdid etməyi geridəqalmışllıq kimi, vəhşilik kimi dəyərləndirirlər.

NATO-nun Baş katibi Yens Stoltenberq isə ümumiyyətlə, Putinin psixoloji tipini və onun yürütdüyü siyasətin fəlsəfəsini anlamağa çətinlik çəkir.
Stoltenberqdən sitat:

"Rusiya müəyyən mənada öz təsir sferasını bərpa etməyə çalışır. Rusiya bunu Ukraynada və Orta Asiyada edir. Biz çox narahatıq.  Moskva öz qonşularını nəzarətə götürməyə can atır... Rusiya inadkarlıqla böyük dövlət avtoritetini bərpa etmək istəyir. Belə qaydaları olan Avropa mənim yaşamaq istədiyim Avropa deyil. Avropa dövlətləri azad və müstəqildirlər".

Türkiyə lideri də görünür məhz bu incə məqamı, bugünkü dünyanın müharibə, işğal, imperiya təfəkküründən uzaq bir dünya olduğunu Putinə izah etmək, başa salmaq istəyib.

Bəybala Mirzəyev

Visiontv.az