4.08.2020
Axtar
Ölkə
alt

Yediyim qarğıdalı qarnımda popkorna döndü – jurnalist Azər Qərib

Yoxdur. Zərrə qədər də ağılları yoxdur.

Milliardlar xərcləyirlər, bütün elm aləmi həşirə düşüb, amma bircə dəfə də dar beyinlərinə gəlməyib ki, gedib bir Muğanlı perevalına dəysinlər.

Və koronavirusla mübarizənin ən təsirli üsulu ilə yerində tanış olsunlar. Qəbələyə gedirəm, gördüm qarğıdalı satırlar. Bilirsiniz də, iki cür olur, biri yerli növdür, dədə-babadan qalma, peyin üstündə bitən və biraz bərk olan milli qarğıdalımız. Biri də var, müstəqilliyimizin nailiyətlərindəndir, oralardan gətirilib toxumu, "amerikanka" deyilər, çox dadlıdır, dərmanlı, ətti-canlı, soçnı, duzu səpirsən üstünə, elə gedir, elə bil COVID-19-la mübarizəyə ayrılan puldur, yağ kimi. Nə isə, aldım birini, durub yeyirəm, tacır qardaşla söhbət edirəm, fikrini yayındırıram ki, duz sərfiyatını görməsin. O da həvəsə düşüb məni sorğu-suala tutur ki, bəs müəllim, Bakıda necədir vəziyət? Deyirəm vazıyət çox bərbaddır - vahimə qatıb xəlvəti biraz da duz səpirəm - çox pisdir vəziyət, təbiblərimiz əllərindən gələni etdilər, sadəcə biz qədirbilməz çıxdıq, ruslar belələrinə niblaqadarnı deyirlər və artıq ümidimiz qalıb yalnız altı şəlalə, üstü ÜST olana. Bəs sizdə necədir vəziyət? Gördüm qarğıdalı yaxşı gedir, birini də aldım ki, söhbətimiz yarımçıq qalmasın. Bizdə hər şey normaldır, müəllim. Mən özüm də keçən həftə koronavirus tutmuşdum. Yediyim qarğıdalı qarnımda popkorna döndü dəhşətdən ki, bəs nə oldu axırı? Əşşi, heçnə, müəllim, hamamı yaxşı qızdırdım, tərrədim okki var, sonra bir stəkan qaynar çayla zoğal mürəbbəsi, vəssalam, virus keçdi getdi...

Visiontv.az

Şərh