USAİD-in vəsaitləri ölkəmizdə siyasi qüvvələrin, media resurslarının, QHT-lərin ələ alınmasına xidmət edib
USAİD-in vəsaitləri ölkəmizdə siyasi qüvvələrin, media resurslarının, QHT-lərin ələ alınmasına xidmət edib
05.10.2023 Elçin Mirzəbəyli Tərəfindən

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələrinin USAİD proqramı çərçivəsində Tbilisidə olduqları və hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlim keçdikləri barədə açıqladığı məlumatlar kifayət qədər ciddi ittihamlardır və əgər USAİD-in Ukrayna, Moldova, Belarus və digər ölkələrdə həyata keçirdiyi və ya keçirməyə cəhd göstərdiyi hakimiyyət dəyişikliyi planlarını nəzərə alsaq, rəsmi Tiflisin ittihamlarının kifayət qədər ciddi olduğunu söyləyə bilərik.

Gürcüstanda həyata keçirilməsi nəzərdə tutulan çevriliş ssenarisində USAİD-in Serbiyadakı casus şəbəkəsindən istifadə edilməsi də təsadüfi deyil. Serbiya, keçmiş Varşava müqaviləsi ölkələri – Şərqi Avropa dövlətləri arasında Rusiyaya ilə münasibətləri kifayət qədər isti və sağlam saxlayan yeganə ölkədir. Məhz bu səbəbdən, ola bilsin ki, USAİD-in başbilənləri Gürcüstanda, şübhə doğurmamaq və diqqəti fərqli qütbün üzərində cəmləmək üçün Serbiyadakı nüfuz müvəkkillərinin "xidmətlərindən" istifadə etmək qərarına gəliblər. Digər tərəfdən. USAİD uzun illərdir ki, Serbiyada öz şəbəkəsini qurub və bu təsisatın hətta zamanında ultramillətçi təşkilatları maliyyələşdirməsi, hakimiyyət dəyişikliyində iştirakı ilə bağlı çoxsaylı məlumatlar var.

USAİD proqramlarının Balkanlardakı açar əlaqələndiricilərindən birinin Serbiyanın yüksək dövlət vəzifələrinə yol tapması, ABŞ kəşfiyyat orqanlarının qeyri-rəsmi qolunun Serbiyada kifayət qədər təsir imkanlarına malik olduğunu göstərir. Bir zamanlar USAİD, NED, NDİ kimi təsisatlar Şərqi Avropaya və postsovet məkanına Polşa üzərindən nüfuz edirdilərsə, indi bu prosesin Serbiya üzərindən həyata keçirilməsi getdikcə daha qabarıq şəkildə nəzərə çarpır.

Təkcə 2022-ci ildə USAİD tərəfindən Serbiyanın hakimiyyət orqanlarına 19,5 milyon, vətəndaş fəallığının artırılmasına, yəni qeyri-hökumət təşkilatlarına 10 milyon, Serbiya vasitəsilə Balkan ölkələrinin media resurslarına 25 milyon dollar vəsait ayrılıb. Kifayət qədər ciddi rəqəmlərdir və Serbiyanın müxtəlif təsisatlarına ayrılan vəsitlərin, yalnız görünən tərəfidir. Maraqlı məqamlardan biri də USAİD-in Serbiya ilə yanaşı, Kosovaya da, həm də hərbi məqsədlər üçün, ancaq "xeyriyyə" məqsədilə 12 milyon dollar vəsait ayırmasıdır. Göründüyü kimi, bu məsələdə də ABŞ, ənənəsinə uyğun olaraq, ikibaşlı oynayır...

Xatırladım ki, USAİD-in rəsmi olaraq bəyan edilmiş məqsədləri sırasına ticarət, kənd təsərrüfatı, iqtisadi artım, səhiyyə, fövqəladə humanitar yardım, eləcə də, münaqişələrin qarşısının alınması və bütün dünyada demokratiyanın dəstəklənməsi daxil olsa da, sözügedən təşkilat faktiki olaraq. ayaq açdığı ölkələrin bütün sahələrinə nüfuz edir və ən müxtəlif istiqamətlərdə özünün şəbəkəsini formalaşdırmağa çalışır.

Qeyd edim ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından dərhal sonra USAİD də daxil olmaqla, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları digər postsovet ölkələrində olduğu kimi, ölkəmizdə də fəaliyyətə başladılar. Qarşılıqlı faydalı və sağlam əməkdaşlığa, ölkədə vətəndaş cəmiyyəti quruculuğu prosesinin, çoxpartiyalı siyasi sistemin, müstəqil medianın inkişafına önəm verən Azərbaycan dövləti bu institutların, fondların və təşkilatların fəaliyyətinə mümkün qədər imkan yaratdı, sivil, etimadlı münasibətlər sisteminin formalaşmasında maraqlı olduğunu nümayiş etdirdi. Lakin zaman keçdikcə bəlli oldu ki, sözügedən təsisatların "vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, çoxpartiyalı siyasi sistemin və müstəqil medianın inkişafına dəstək" adı altında həyata keçirdikləri çoxsaylı layihələrin hədəfi heç də elan edilən istiqamətlərdə Azərbaycan dövlətinin maraqlarına və müstəqil inkişaf perspektivlərinə uyğun nəticələr əldə etmək deyil.

Məqsəd Azərbaycan dövlətinin müstəqil iradəsinə təsir göstərə biləcək təzyiq alətləri yaratmaq, ehtiyac duyulduğu zaman geosiyasi, iqtisadi və digər maraqların təmin edilməsi üçün bu alətlərdən dövlətimizə və xalqımıza qarşı istifadə etmək, təslimçilik ruhu aşılamaq, özünəməxsus şəbəkə formalaşdırmaq idi. Həmçinin, bu təsisatların fəaliyyəti radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə dəstək vermək, milli dəyərlərinə arxa çevirən, hədəfi olmayan, kənardan ötürülən siyasi texnologiyalarla idarə olunan cəmiyyət və marionet dövlət idarəçilik sistemi formalaşdırmağa yönəlmişdi.

Azərbaycan dövləti gücləndiyi, dövlət idarəçilik institutlarının fəaliyyətinin təkmilləşdiyi, milli dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalan qüvvələrin mövqelərinin möhkəmləndiyi halda və siyasi proseslərin alt qatlarında cərəyan edən hadisələr aşkara çıxdıqca, USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və bu kimi digər qurumların əsas hədəfinin Azərbaycanda "beşinci kolon" formalaşdırmaqdan ibarət olduğu göz önünə sərgiləndi. Bəlli oldu ki, ölkəmizdə həyata keçirilən layihələrə ayrılan vəsaitlər siyasi qüvvələrin, media resurslarının, qeyri-hökumət təşkilatlarının ələ alınmasına xidmət edib.

"2000-ci illərin əvvəllərindən etibarən bir sıra postsovet ölkələrində, daha sonra isə Yaxın Şərq və Aralıq dənizi hövzəsində həyata keçirilən "rəngli inqilab" ssenariləri ABŞ və Avropanın bəzi dövlətləri tərəfindən geosiyasi təsir alətləri, "yumşaq güc" mexanizmi kimi yaradılmış bu təsisatların Azərbaycandakı strateji hədəflərinin də mahiyyətini gün işığına çıxardı. Şübhəsiz ki, eyni ssenarilərin Azərbaycanda da həyata keçirilməsinə səy göstərildi, lakin təxminən 10 ilə yaxın zaman kəsiyində planı cızılan və addım-adım həyata keçirilən bütün təxribatlar dövlətimizin gücü, çevik müdaxiləsi və xalqın iradəsi nəticəsində iflasa uğradı.

Radikal müxalifətin zaman-zaman, ən müxtəlif adlar altında yaratdığı təsisatlar məhz Qərbin dəstəyi sayəsində yaradılır, maliyyələşdirilir və ayrı-ayrı "beynəlxalq" təsisatlar tərəfindən açıq şəkildə dəstəklənirdilər. Lakin xarici qüvvələrin bu yolla müxalifətin hakimiyyətə qarşı birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri baş tutmadı, xalq süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu iştirakçılarını qəbul etmədi və nəticədə bir sıra postsovet ölkələrinin bugünkü problemlərinin kökündən dayanan kataklizm ssenarilərini Azərbaycanda reallaşdırmaq mümkün olmadı.

ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılan USAİD və bu kimi digər "institutlar"ın təcrübəsində hətta "təcili qrantların ayrılması" da var. Əksər hallarda bu və ya digər ölkəyə qarşı total kampaniyaların aparılması üçün bəhanələrin yaradılmasına xidmət edir. Mexanizm belədir: Öncə "təcili qrantlar" vasitəsilə hansısa ölkədə "fundamental hüquq və azadlıqların pozulduğunu" nümayiş etdirilən bəhanə və bu bəhanənin ətrafında "beşinci kolon"un təmsilçiləri, eləcə də onların qopardığı hay-küyün təsiri altına düşənlər vasitəsilə ajiotaj yaradılır. Sonra dövlət və hakimiyyət orqanlarının səhnələşdirilmiş bəhanənin "günahkarlar"ını məsuliyyətə cəlb etmək marağında olmadığı barədə iddialar körüklənməyə başlayır. Bundan sonrakı prosesdə isə USAİD, NED və digər "institutlar" tərəfindən maliyyələşdirilən "beynəlxalq insan hüquq və azadlıqlarını müdafiə təşkilatları" işə salınır. Bu "təşkilatlar" da öz növbəsində "hesabatlar" hazırlayaraq sifarişçinin nişan verdiyi ünvana, məsələn, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, Avropa Parlamentinə və bu kimi digər təsisatlara "təqdim" edirlər. Sonra da açıqlamalar, bəyanatlar, qətnamələr mərhələsi başlayır...

Təxminən 15-20 il əvvəl həmin təsisatların mərkəzi ofislərinin yerləşdirildiyi ölkələrin bir çoxunda siyasi partiyaların hüquqi şəxslər tərəfindən maliyyələşməsinin birbaşa və dolayısı ilə yasaqlanmasına, bəzilərində isə hətta vətəndaşların ianələrinə qadağaların olmasına baxmayaraq, Azərbaycandakı siyasi partiyaların qeyri-hökumət təşkilatları və media resurslarına ötürülən vəsaitlərlə maliyyələşməsi adi hala çevrilmişdi. Siyasi partiyaların funksionerləri, QHT və media nümayəndələri üçün ölkəmizdə və ölkədən xaricdə müxtəlif adlar altında "məşğələ" və "seminarlar", reallıqda isə "satınalma" və "ələkeçirmə" mərasimləri təşkil edilir, iştirakçıların beyinləri yuyulur və yenidən "proqramlaşdırılırdı".

Həmin dövrdə torpaqlarımızın işğal altında olmasına baxmayaraq, Azərbaycanın bəzi radikal siyasi partiyalarının, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının rəhbərləri və təmsilçiləri ermənilərlə əməkdaşlığa cəlb olunur, ortaq layihələrdə iştirak edir və hətta milli maraqlarımıza zidd olan birgə bəyanatlara imza atırdılar. 44 günlük Vətən müharibəsi dövründə, sentyabr hadisələri, Fərrux əməliyyatları və son lokal antiterror tədbirləri zamanı biz eyni şəbəkənin ortaq fəaliyyətinə şahidlik etmişdik və təəssüf ki, hələ də etməkdəyik.

ABŞ-nin "maliyyə yardımı" adı altında Cənubi Qafqazda hələ də qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri bu gün də davam edir. Gürcüstan DTX-sının açıqladığı məlumatlar da bu prosesin səngimədiyini göstərir.

İndi bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Həmin Samanta Pover ki, erməni yalanlarına "sədaqətini" sübuta yetirmək üçün sentyabrın 21-də dünyaya göz açmasına baxmayaraq, 24 apreli – qondarma soyqırımı "gününü" özünün doğum günü elan edib. Düşünürəm ki, belə bir şəxsin USAİD-ə rəhbərlik etməsi, regiondakı mövcud reallıqlar çərçivəsində bu təsisatın real hədəflərinin, əslində, nədən ibarət olduğunu ortaya qoyur.

Təsadüfi deyil ki, bu təşkilat 2023-2025-ci illərdə müxtəlif ölkələrdə dırnaqarası vətəndaş cəmiyyəti quruculuğuna 10 milyard dollar vəsait ayırıb. Bir müddət öncə açıqlanmış "Demokratiya doktrinası" çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur. Görünür, qonşu Gürcüstan da USAİD-in "Demokratiya doktrinası" adlandırılan təxribat və çevriliş planları siyahısına daxil edilib.

Elçin Mirzəbəyli Siyasi şərhçi

TurkicWorld