Ukrayna müharibədə mənzili dağılan 200 min ailəyə kompensasiyanı Rusiya aktivləri hesabına ödəyib
20.05.2026

Ukraynada müharibə nəticəsində zərər görmüş və ya dağıdılmış mənzillərə görə artıq 200 min ailəyə kompensasiya ödənilib.

 Bunu WUF13 çərçivəsində keçirilən “Parlamentarilər: Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi – hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada Ukrayna  Ali Radasının Dövlət Hakimiyyətinin Təşkili, Yerli Özünüidarəetmə, Regional İnkişaf və Şəhərsalma Komitəsinin sədri Olena Şulyak bildirib. 

Onun sözlərinə görə, hazırda 6 milyon ukraynalı ölkə daxilində didərgin düşüb, 5 milyon nəfər isə məcburi köçkün statusunda yaşayır.

Şulyak qeyd edib ki, Rusiyanın genişmiqyaslı işğalının ilk aylarında Ukrayna parlamenti zədələnmiş və dağıdılmış mənzillərə görə kompensasiya ödənilməsini nəzərdə tutan qanun qəbul edib.

Komitə sədrinin sözlərinə görə, kompensasiyaların maliyyələşdirilməsi ilkin mərhələdə dondurulmuş Rusiya bank aktivləri hesabına həyata keçirilib. Sonradan bu prosesə Dünya Bankı və  Avropa Şurası İnkişaf Bankı (CEB) kimi beynəlxalq tərəfdaşlar da qoşulub.

O bildirib ki, bu il qəbul edilən yeni qanun Ukraynada müasir standartlara uyğun sosial mənzil siyasətinin formalaşdırılmasına imkan yaradır.

Olena Şulyak vurğulayıb ki, yeni mənzil siyasətində təhlükəsizlik, enerji səmərəliliyi, əlçatanlıq və maneəsiz mühit əsas prioritetlər kimi müəyyənləşdirilib.

Onun sözlərinə görə, Ukraynada yaşayış məhəllələri, yeraltı məktəblər və sığınacaqların layihələndirilməsi artıq təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir.

visiontv.az