Ukrayna Macarıstandan pullarını və qızıl külçələrini tələb edir
09.03.2026

Ukrayna Macarıstandan ukraynalı inkassatorlar saxlanılarkən müsadirə edilən pul və qızıl külçələrinin qaytarılmasını tələb edir. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa baş verənləri "misli görünməmiş dövlət banditizmi və reket aktı" adlandırıb.

"Bu pullar Macarıstana və ya onun hökumətinə məxsus deyil; onlar Ukraynanın "Oşşadbank" dövlət bankıma, deməli, Ukrayna vergi ödəyicilərinə məxsusdur", – nazir X sosial şəbəkəsində yazıb.

Daha öncə "Oşşadbank" da Macarıstandan inkassator avtomobillərini və "qanunsuz ələ keçirilmiş" qiymətli əşyaları geri tələb edib. Qurum daşınmanın "Oşşadbank" ilə Avstriyanın "Raiffeisen" bankı arasında beynəlxalq razılaşma çərçivəsində gerçəkləşdirildiyini, yükün beynəlxalq daşınma qaydalarına, Avropa gömrük prosedurlarına uyğun rəsmiləşdirildiyini bildirib.

"Vyanadan Ukraynaya daşınan vəsaitlər "Oşşadbank"a məxsusdur. Ukraynalı vətəndaşlar və bizneslər bu vəsaitləri banka etibar edib. Onlar ölkənin nağd pul bazarını təmin etmək, dövriyyədə istifadə üçün Ukraynaya aparılırdı", – bəyanatda deyilir.

visiontv.az