TUSAŞ-a hücumun tək PKK tərəfindən planlaşdırılması az inandırıcıdır
26.10.2024

Ankarada baş verən terror hadisəsini məkan seçimindən zamanlamaya qədər bir çox məqamlar üzrə təhlil etmək mümkündür. Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil və əvvəldən planlaşdırılan, ciddi terror həmləsi olaraq qəbul edilməlidir.

İlk növbədə məkan olaraq paytaxtın, eləcə də paytaxtda yerləşən Türkiyə Aerokosmik Sənayesinin (TUSAŞ) seçilməsi təsadüf hesab oluna bilməz. Vurğulamaq lazımdır ki, qardaş ölkənin hərbi sənayesinin, xüsusilə hava qüvvələrinin son illərdə sürətli inkişafı heç də regionda marağı olan qüvvələri razı salmır. Əslində terror həmləsinin hədəfi olaraq məhz adıçəkilən məkanın seçilməsi həm də bir mesajdır.

Digər məqam terror hadisəsinin PKK ilə bağlı ciddi müzakirələrin getdiyi günlərə təsadüf etməsidir. Öcalanın TBMM-də çıxışı ilə bağlı təklifin ciddi şəkildə müzakirə edildiyi bir zamanda baş verməsi, həm də hal-hazırda tez-tez səsləndirilən “PKK Türkiyədə bitib” arqumentinə bəlli qüvvələrin reaksiyasıdır. Bu hücum eyni zamanda mövcud təşəbbüslərə qarşı da bir mesaj olaraq nəzərdən keçirilməlidir.

Başqa bir məqam son günlərdə PKK-ya qarşı Türkiyənin aktiv hərbi əməliyyatlar aparmasıdır. Faktiki olaraq Qərbin projesi olan “kürd zolağı”na qarşı İraq və Suriyanın şimalında aparılan bu əməliyyatlar PKK, eləcə də onun bu ölkələrdə uzantıları olan YPG, PYD, PJAK-a ciddi zərbələr vurmaqdadır.

Hədəf olaraq TUSAŞ kimi strateji müdafiə müəssisəsinin seçilməsi həm də simvolik məna daşıyır. Bu terror həmləsi ölkənin müdafiə sahəsindəki müvəffəqiyyətlərini hədəf almaq və ya zədələmək məqsədi güdə bilər.

Lakin hücumun tək PKK tərəfindən planlaşdırılması da az inandırıcıdır. Şübhəsiz ki, burada Türkiyəni içdən zəiflətməyi və hazırda Yaxın Şərqdə gedən ciddi proseslər fonunda daxildən zəiflətməyi qarşısına məqsəd qoyan xarici xüsusi xidmət orqanlarının da iştirakı istisna edilə bilməz.

Vüqar Zifəroğlu

visiontv.az