Türkiyə İncirlik hərbi bazasının ləğvi barədə qərar qəbul edə bilər-deputat Nəsib Məhəməliyev
Türkiyə İncirlik hərbi bazasının ləğvi barədə qərar qəbul edə bilər-deputat Nəsib Məhəməliyev
25.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

Co Baydenin “soyqırım” ifadəsini işlətməsi tarixi həqiqətlərin qərəzli şəkildə saxtalaşdırılmasıdır və böyük təəssüf hissi doğurur. Mən bunu mənfi presedent kimi qiymətləndirir və qəti şəkildə qınayıram. Tarixi faktları saxtalaşdıraraq, siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Hesab edirəm ki, Türkiyə-ABŞ, eləcə də Azərbaycan-ABŞ münasibətlərinə təsirsiz ötüşməyəcəkdir. İlk növbədə, ABŞ-n nüfuzu ciddi zədələnmiş, ona bəslənilən inam sarsılmışdır. Birinci dünya müharibəsindən sonra prezident Vilsonun tapşırığı ilə Amerikadan xüsusi komissiya Türkiyədə səfərdə olmuş və ətraflı araşdırılmadan sonra ermənilərə qarşı heç bir soyqırımın olmadığı qənaətinə gəlmişlər. Düşünürəm ki, bu barədə Bayden kifayət qədər məlumatlıdır. Sadəcə o bir fərd olaraq, uzun illər siyasi fəaliyyətində erməni və yunan diasporaları ilə yaxından əməkdaşlıq etmiş, lobbiçiliklə məşğul olmuşdur. Konqresdə Türkiyə və Azərbaycan əleyhinə qəbul olunmuş qətnamələrin müəlliflərindən biri olmuşdur. Bölgəyə təsirinə gəldikdə, demək olar ki, gərginlik davam edəcəkdir. Ermənistanın Rusiyadan asılılığı daha da artacaqdır. Türkiyə İncirlik hərbi bazasının ləğvi barədə qərar qəbul edə bilər. Amerika silahlarına embarqo qoymaqla, Amerikanın potensial rəqibləri ilə əməkdaşlığı dərinləşdirə bilər. Heç kim üçün sirr deyil ki, ABŞ qlobal təhlükəsizlik sistemində təhdid olaraq, Çini və Rusiyanı görür. Amerika siyasətinin buraxdığı sistemli səhvlər, Çinin və Rusiyanın regiona təsir imkanlarını artıracaqdır. Misal olaraq bu yaxınlarda İran-Çin müqaviləsini göstərmək olar. Hərbi-iqtisadi əlaqələr Çinlə daha genişlənəcəkdir. Afrikanın və Asiyanın bir çox ölkələrində Çin maliyyəsinin, kapitalının iştirakı getdikcə təsirini artırmaqdadır. Bu da ABŞ-n əsas rəqiblərinin daha güclənməsi ilə nəticələnəcəkdir. Demokratiya adı altında ABŞ-n bir çox ölkələrin daxili siyasətinə müdaxiləsi nəticəsində Əfqanıstan, İraq, Suriya, Liviya kimi dövlətlər dağıldı. Milyonlarla insan həlak oldu, qaçqın vəziyyətinə düşdü. Maraqlıdır ki, 2001-ci ildə Nyu-Yorkda baş vermiş terror aktlarından dərhal sonra ABŞ İraqa və Əfqanıstana qoşun yeritdi. Ancaq həmin terrorçuların heç birisi nə İraqın, nə də ki, Əfqanıstanın vətəndaşları olmamışdır. Amerikasayağı ,,demokratiya,,. 1965-ci ildən başlayaraq, erməni diasporası, onların satın aldığı müxtəlif ölkələrdəki lobbi təşkilatları hər il 24 aprel ərəfəsində fəallaşırlar. Türk bayraqları yandırılır, Türkiyə əleyhinə aksiyalar keçirir, lozunqlar, çağırışlar səsləndirilir. Əsas məqsəd Türkiyəni təzyiq altında saxlamaqla öz geosiyasi maraqlarını təmin etməkdir. Artıq axırıncı kozırları da əldən çıxmaq üzrədir. Maskalar tam cırılmışdır. Türkiyə əvvəlki zəif Türkiyə deyildir. Amerikanın Yaxın Şərq layihəsi iflasa uğradı. Yaxın və Orta Şərq problemlərini Türkiyənin iştirakı olmadan həlli qeyri-mümkündür. ABŞ- n Türkiyə kimi müttəfiqi itirməsi ağıla batan deyil. Düzdür Amerikada müəyyən qüvvələr Türkiyəni Yunanıstanla əvəz etməyi düşünür. Yunanıstan nə iqtisadiyayyatına, nə hərbi gücünə, nə də ki, yerləşdiyi coğrafiyaya görə Türkiyəni əvəz edə bilməz. Mənə elə gəlir ki, Ərdoğan və Baydenin Brüssel görüşündə, ikincinin əməkdaşlığın qorunması üçün müəyyən güzəştlərə getməsinin şahidi olacağıq. Əks halda dünya nizamı pozula bilər. Biz isə, bütün variantlara hazır olmalıyıq.