Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçıları birgə bəyanat qəbul edib
24.02.2021

Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra - "tərəflər") iştirakı ilə 23 fevral 2021-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Visiontv.az-a verilən xəbərə görə, tərəflər, xarici işlər nazirlərinin 26 may 2014-cü il tarixində Bakıda, 29 yanvar 2015-ci ildə Aşqabadda, 28 avqust 2015-ci ildə Antalyada və 19 iyul 2017-ci ildə Bakıda keçirilmiş Üçtərəfli görüşlərdə qəbul edilmiş birgə bəyanatları təsdiqlədilər.

İştirakçı dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət və birmənalı dəstəklərini bir daha təsdiqlədilər.

Əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğuladılar və çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul etdilər.

Türkiyə Respublikası, Azərbaycan Respublikası və Türkmənistan arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Türk Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO),  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlar, həmçinin Asiyanın Qəlbi-İstanbul Prosesi kimi forumlar çərçivəsində davamlı əməkdaşlığın vacibliyini qeyd etdilər.

Terrorizm, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün formaları və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah və insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kiber cinayətlər və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

Bu çərçivədə, İslam Əməkdaşlıq Təşkilatının 15 mart tarixini “İslamofobiyaya Qarşı Beynəlxalq Həmrəylik Günü” kimi qeyd etmək qərarının əhəmiyyətini vurğuladılar və bu mövzuda bütün beynəlxalq səyləri dəstəkləməyi qəbul etdilər.

Türkmənistanda keçiriləcək dövlət başçılarının üçtərəfli zirvə görüşünün son dərəcə vacib olduğunu vurğuladılar.