Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb
23.09.2026

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.

ABŞ Prezidenti özünün “Truth Social” səhifəsində Hikmət Hacıyevin müsahibəsini “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.

Qeyd edək ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi müsahibədə  ABŞ Prezidenti Donald Trampın  Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışıb.

“Prezident Tramp və onun vəzifəyə gəlişi  ABŞ-la  Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”, – Hikmət Hacıyev bildirib.

O, 2025-ci il avqustun 8-də  Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşü “tarixi məqam” adlandırıb.

“Prezident Trampın liderliyi bu prosesə onun siyasi çəkisini gətirdi və Ermənistanla  Azərbaycanı son sülhə gətirdi”, – Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev, həmçinin, Trampın Azərbaycanla  ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələsinin formalaşmasına töhfə verdiyini vurğulayıb.

“Prezident Donald Tramp və Prezident İlham Əliyev  ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni dövrün əsasını qoyublar”, – o qeyd edib.

Hikmət Hacıyev  ABŞ və  Azərbaycan arasında strateji dostluq, əməkdaşlıq və tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu və inkişaf etməkdə davam edəcəyini deyib.

visiontv.az