Tehranın Evin həbsxanasında saxlanılan Güney Azərbaycan əsilli İsveç vətəndaşı professor Əhmədrza Calali İsveç hökumətinə ünvanladığı mesajda həyatına laqeydliyə görə rəsmi Stokholmu tənqid edib.
Bu barədə onun həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.
"Edam təhlükəsi ilə üz-üzə qaldığım dəhşətli şəraitə, sağlamlığımda ağır problemlərin yaranmasına baxmayaraq, mənim taleimə laqeyd yanaşırsınız və görünür ki, ikili vətəndaş olduğuma görə sizin üçün ikinci dərəcəli vətəndaş hesab edilirəm",- güneyli alim deyib.
O, 7 ay əvvəl İran rəsmilərinin onun edam ediləcəyi barədə yenidən açıqlamalarını xatırladaraq bildrib ki, ağır şəraitdə olduğuna görə, edam edilmədən öncə də həyatını itirə bilər.
"Elə görünür ki, mənim həyatımın İsveç hökuməti üçün əhəmiyyəti yoxdur və bu onlar üçün önəmli deyil",- Əhmədrza Calali əlavə edib.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.
2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
Calali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib.
Xatırladaq ki, İsveç hökuməti 2024-cü ildə İranda kütləvi edamlardakı roluna görə həbs etdiyi Həmid Nurini sərbəst buraxaraq, İranda həbsdə olan vətəndaşının azadlığına nail olsa da, azərbaycanlı alimin sərbəst buraxılmasına kifayər qədər səy göstərməyib.
Əhmədrza Calali və İranda həbsdə olan başqa avropal məhbusların səs yazılarının yayılmasında Tehran rejiminin maraqlı olduğu ehtimal edilir.
Ona görə ki, İranda casusluq ittihamına görə həbs edilən xüsusən xarici vətəndaşlar təcrid vəziyyətdə saxlanılır, onların xariclə əlaqələri kəsilir.
İranın Almaniya, Britaniya və Fransa ilə nüvə danışıqlarının yeni mərhələsin başlaması ilə eyni vaxtda belə səs yazılarının yayılması, Tehranın danışıqlarda məhbuslardan qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə etmək niyyətində olduğu sezilir.
Bundan əvvəl də, insan haqları təşkilatları və bir sıra Qərb rəsmiləri dəfələrlə İranın xarici vətəndaşları girov götürərək onlardan danışıqlarda imtiyaz əldə etmək üçün istifadə etdiyini bildiriblər.
visiontv.az