Tarixi şəhərimiz Urmiyanı necə tanıyırıq?
Tarixi şəhərimiz Urmiyanı necə tanıyırıq?
30.11.2022 MEDİA Tərəfindən

Urmiya və ya Urmiyə yerli əhali arasında Urmu — Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir.

Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır. Bundan başqa Urmiyada kürd, fars, aysor və erməni azlıqlar da yaşayır. Urmiya şəhəri ölkənin böyük kənd təsərrüfatı mərkəzlərindən biridir. Burada əsasən meyvə və tütün yetişdirilir.

Şəhərin xristian irsi günümüzə qədər qorunub saxlanmışdır. Şəhərdə yerləşən bir çox kilsə və kafedrallar bunun əyani sübutudur. Hələ IX əsrdə şəhərdə müxtəlif dinlərə mənsub insanlar birlikdə yaşayırdılar. Əksər hissəsi müsəlmanlardan ibarət olan şəhər nüfuzu bundan başqa xristianlar, yəhudilər, bahailər və sufilərdən təşkil olunmuşdu.

Urmiya adının mənşəyi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Tarixçi, iranşünas Riçard Nelson Fraya görə Urmiya adı Urartu sözü ilə bağlıdır.Digər bir tarixçi, hindoloq Tomas Burova görə isə Urmiya hind-iran dillərində urmi- “dalğa” və ya urmya “dalğavari” mənasına gəlməkdədir. Yerli assurların dilində mia sözü “su” sözünün qarşılığıdır. Belə nəticəyə gəlmək olar ki, Urmiya qısaca “Su şəhəri” deməkdir. 1921-ci ildə şəhərin adı Urmiya ilə yanaşı həmçinin Urumiya və ya Urmi deyə bilinirdi. Pəhləvi sülaləsinin hakimiyyəti illərində, şəhər Rza şah Pəhləvinin şərəfinə "Rezaiyeh"adlandırılırdı.

Urmiya şəhərinin tarixi çox qədim dövrlərdən bir çox yerli və xarici tarixçilərin diqqətini cəlb etmişdir. Rus şərqşünas Vladimir Minorskiyə görə hələ e.ə 2000-ci illərdə Urmiya düzlüyündə bir sıra yaşayış məskənləri yerləşirdi. Urmiya şəhərinin qədim tarixə malik olması faktını yazılı mənbələrdən əlavə şəhərin özü, habelə onun ətrafından əldə edilən maddi-mədəni abidələr də sübut edir. Urmiya və ona yaxın olan ərazilərdən arxeoloji tədqiqatlar zamanı tuncdan hazırlanmş uzun və gödək qılınclar, üstü naxışlı xəncərlər, ev əşyaları, zinət əşyaları və digər əşyalar əldə edilmişdir. Mütəxəssislərə görə buradan tapılan əşyalar eramızdan əvvəl VII-VI əsrlərə aiddir. Bundan başqa Urmiya ətrafındakı qədim xarabalıqlarda aparılan qazıntılar nəticəsində miladdan əvvəl XX əsrə aid əşyalar aşkar edilmişdir. Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu ABŞ, İngiltərə və Fransa muzeylərində saxlanılır. Bundan başqa bu ərazidən tapılan əşyalar İrane Bastan Muzeyində də özünəməxsus yer tutur.

Qədim dövrlərdə Urmiya gölünün qərb sahili Gilzan adlandırılırdı. IX əsrdə burada müstəqil hakimiyyət bərqərar olmuşdu. Sonralar bu ərazi Urartu və Manna dövlətlərinin tərkibinə daxil edildi. E.ə VIII əsrdə, Midiya dövləti tərəfindən işğal edilənə qədər isə Assur krallığının vassalı oldu. Assur mənbələrində Armait (Urmeyate) qalasının adı Zibia (müasir Ziviyə) qalası ilə birgə çəkilir. Həmin mənbədə Manna dövlətinin paytaxtı olan İzirtu İzirtunun Zibia və Armait qalalarına yaxın yerləşməsi də göstərilmişdir. Assur hakimiyyətinin süqutundan sonra Urmiya şəhəri Parflar və Parslar tərəfindən idarə edilmiş, daha sonra Sasani imperiyasının ərazisinə daxil edilmişdir. 624-626-cı illərdə şəhər Bizans imperatoru İrakli tərəfindən zəbt edilərək qarət edilmişdir. VII əsrdə ərəblərin Azərbaycanı işğalı ilə Urmiya şəhəri də ərəb sərkərdəsi Sədəqə ibin Sədəqə tərəfindən işğal edildi.
Artıq X əsrin ortalarında Urmiya Saları hökmdarı I Cüstan tərəfindən öz torpaqlarına daxil edilib idarəsi isə vəziri Cüstan ibn Şərmzana tapşırıldı. Lakin tezliklə Cüstan ibn Şərmzan I Cüstanın hakimiyyətini tanımadı (957). 960-cı ildə şəhəri möhkəmləndirib Deyləmlilərə qarşı mübarizəyə başlasa da bu mübarizə nəticəsiz qaldı və vəzir Urmiya şəhərinə çəkilməli oldu.

Şəhər XI əsrin II yarısında Rəvvadilər dövlətinin tərkibinə qatıldı. Rəvvadi hökmdarı Əbülhicanın dayısı Təbriz hakimi Vəhsudan ər Rəvvadi tərəfindən 1040-cı ildə bir çox oğuz türkünün qətl edilməsi nəticəsində oğuzlar Urmiyanı tərk edərək Hakkariyə yerləşdilər.

Urmiya və ətrafı XI əsrin ortalarında Səlcuq imperiyasının tərkibinə daxil edildi. Səlcuq sultanı Toğrul bəy Abbasi Xəlifəsinin qızı ilə evlənmək üçün 1063-cü ilin yanvar ayında Urmiyadan Bağdada yola düşmüşdü. Urmiyada Səlcuq hakimiyyətinin ən dəyərli örnəklərindən biri  

Şəhər 1149-cu ildə Məhəmməd Təpərin hakimiyyətində olmuşdur. İraq Səlcuq sultanı II Toğrulun 1189-cu ildə Əmir İzzəddin Həsənin yardımı ilə Uşnu, Salmas, Xoy və Urmiyanı talan etməsi Atabəy Qızıl Arslanın qəzəbinə səbəb olmuş nəticə də tərəflər arasında münaqişə yaranmışdır. Artıq XII əsrin sonlarına doğru Səlcuqlu hakimiyyətinin zəifləməsi ilə Urmiya da daxil olmaqla bütün Azərbaycan Atabəylər dövlətinin hakimiyyətinə keçmişdir.
1916-cı ildə Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan assuriyalılar (aysorlar) Rusiyanın dəstəyinə arxalanaraq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşısında uzun müddət davam gətirə bilmədilər. Rusiyanın köməyi on minlərlə aysor (yerli əhali onları “cilov” adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü.

Brest-Litovsk müqaviləsindən sonra rus qoşunlarının İrandan geri çəkilməsi Rusiya işğalı altında olan Cənubi Azərbaycanın müxtəlif bölgələrində rus, ingilis, erməni və aysor təhlükəsini daha da artırdı.

Rus qoşunlarının İrandan geri çəkilməsindən sonra ingilis hərbi hissələri Zəncan və Miyanəni işğal etdilər. Xoy və Urmiyada ingilis zabitlərinin komandanlığı altında polis və qoşun dəstələri yerləşdirildi. Müttəfiqlər azərbaycanlılara və osmanlılara qarşı erməniləri və aysorları silahlandıraraq onlardan 6 batalyon (4 batalyon aysor və 2 batalyon erməni) 4 batareya, 300 nəfərlik süvari dəstə və bir pulemyot rotası təşkil etdilər. ATASE arxivindən əldə olunan sənədlər içərisində Cənubi Azərbaycan bölgəsində baş verən soyqırımıların iri dövlətlərin dəstəyi ilə həyata keçirildiyini təsdiq edən məlumatlar öz əksini tapmışdır. Həmin dövrdə 6-cı firqə komandanlığına göndərilən bir teleqramda: “Urmiya və Səlmas ətrafına bir rus polkovnikinin komandanlığı altında 1-i erməni, 3-ü aysorlardan ibarət olan 4 piyada taburunun, ayrıca olaraq 5 minədək silahlı erməni və aysor birləşməsinin, 12 dağ batareyası və çox sayda odlu silahın olması” haqqında məlumat verilib.

Ermənilər ilə Cənubi Azərbaycan ərazisində yerləşdirilən aysorlarla ittifaqda idilər. Hətta, Anadolu bölgəsindən geri çəkilən rus qoşunlarının tərkibində olan ermənilər də Urmiya bölgəsinə gələrək buradakı erməni və aysorlarla birləşmişdilər. Onlar rus ordusuna məxsus silahları ələ keçirərək Urmiya, Səlmas, Xoy və Cənubi Azərbaycanın digər bölgələrində yerli əhaliyə hücum edərək onları məhv etməyə başladılar.

Hazırladı: Bünyamin Bünyadzadə

Visiontv.az