Şuşada “Ürək və damar cərrahiyyəsi” dərsliyinin təqdimatı olub
Şuşa şəhərində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayevin “Ürək və damar cərrahiyyəsi” dərsliyinin təqdimatı olub.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, professor Kamran Musayev çıxış edərək, kitab haqqında məlumat verib. Bildirib ki, ürək-damar xəstəlikləri ilə məşğul olan elm sahələri - kardiologiya və ürək-damar cərrahiyyəsi əsasən profilaktika, diaqnostika, müalicə və reabilitasiya istiqamətlərində öz töhfələrini verərək, insanlığın bir nömrəli ölüm səbəbi ilə mübarizə aparır. Statistik olaraq ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında birinciliyini qorusa da, xüsusilə son onilliklərdə kardioloji elmlərdəki inkişaf da göz qabağındadır. Dünyada ürək-damar xəstəliklərinin istər profilaktikası, istərsə də diaqnostika və müalicəsində ciddi bir elmi-praktiki bilgi toplanması əmələ gəlmişdir. Məhz bu bilgi toplanmasının nəticəsində, ürək-damar xəstəliklərindən ölüm nisbətləri getdikcə azalır, tibbi müalicələrin uğur nisbəti getdikcə yüksəlir.
“Ürək və damar cərrahiyyəsi” dərsliyi tələbələr və rezidentlər üçün nəzərdə tutulub. Dərslikdən ürək-damar cərrahları, kardioloqlar və ümumiyyətlə bu sahə ilə maraqlanan bütün tibb işçiləri istifadə edə bilər. Kitab həm çap, həm də elektron variantda hazırlanıb.
visiontv.az