Şuşada ECO-ya üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək
17.04.2026

Aprelin 29-da Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək.

Bunu  açıqlamasında V Antalya Diplomatiya Forumunda iştirak edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan bildirib.

Onun sözlərinə görə, Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək, Azərbaycanın Şuşanı turizm paytaxtı kimi tanıtmaq üçün planlaşdırdığı bir sıra tədbirlər təqdim olunacaq.

“Bu istiqamətdə fəaliyyətimiz davam edir. Bu baxımdan  Azərbaycan hökumətinə 29 apreldə Şuşada turizm nazirlərinin görüşünə ev sahibliyi etməyə razılıq verdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu görüşün belə çətin bir dövrdə keçirilməsi Azərbaycanın təşkilatın fəaliyyətinə sadiqliyinin göstəricisidir. Bu, həm də turizmin inkişafına verilən əhəmiyyəti və region ölkələrinin turizm sahəsində inteqrasiyasını gücləndirmək istəyini əks etdirir. Mən bu görüşdə iştirak etməyi səbirsizliklə gözləyirəm”, - Baş katib vurğulayıb.

visiontv.az