Şuşa, sən azadsan!
Şuşa, sən azadsan!
08.11.2021 Nəsib Məhəməliyev Tərəfindən

Bu sözlərlə 08.11.2020-ci il tarixdə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin fəxri xiyabanda yerləşən abidəsi qarşısında, qədim Şuşanın azad olduğunu bəyan etdi.

Hər bir azərbaycanlının qəlbində xüsusi yer almış, mədəniyyət beşiyinin 28 illik erməni işğalına son qoyuldu. Vətənin hər bir qarışı əzizdir. Ancaq, müəyyən səbəblərdən yerləşdiyi coğrafiyaya, tarixi və mədəni dəyərlərinə görə seçilmiş məkanlar mövcuddur ki, özünə hörmət edən hər bir millət  üçün prinsipial xarakter daşıyır və heç bir halda güzəşt predmeti ola bilməz. Şuşa məhz, belə bir şəhərdir. Bir tərəfdə Pənahəli xanın inşa etdirdiyi qala-şəhər, digər tərəfdə isə, saxta erməni tarixçilərinin mifik, uydurma yalanları.

28 il ATƏT-n Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində müxtəlif təkliflər müzakirə mövzusu olsa da, erməni tərəfi heç bir halda Şuşa məsələsini yaxın buraxmırdı. Şuşasız isə, Qarabağ yoxdur.

2020-ci ilin hadisələri göstərdi ki, düşmən ümumiyyətlə bir sm. belə torpağı azad etmək istəmir. Əksinə, yeni əraziləri zəbt etmək planları üzərində işləyir. Yanıldılar.

Prezident İlham Əliyev, müharibənin başlanması üçün lazım olan bütün hüquqi sənədlərin, beynəlxalq təşkilatların qətnamələrinin əldə olunmasına, geosiyasi güclərin neytrallaşmasına nail olmuşdu.  Ən əsası, ən mürəkkəb şəraitdə döyüş tapşırıqlarını icra etmək qabiliyyətində olan güclü ordu yaradılmışdı.

Nəhayət, Ali Baş Komandan 30 il səbirsizliklə gözlənilən hücum əmrini verdi. 44 gün ərzində Qəhrəman Azərbaycan əsgəri addım-addım şəhər və rayonları cəmi 44 gün ərzində azad etməklə, şərəfli tarix yazdı.

8 noyabr- ümumxalq bayramdır. Hər bir azərbaycanlı üçün müqəddəs gündür.

8 noyabr- Azərbaycan xalqının qürurunun bərpası, milyonlarla insanın qəlbində yara salmış nisgilin çıxdığı  gündür. Azərbaycan dövlətinin regionda yeni reallıqlar yaratdığı, beynəlxalq nüfuzunun birə-beş artdığı gündür. Gələcək nəsillərin hər zaman öz keçmişi ilə fəxr edə biləcəyi gündür.

8 noyabr- son 150 ildə özlərinə uydurulmuş tarix yaradan və təəssüflər olsun ki, bir çox geosiyasi güclərin dəstəklədiyi dünya erməniliyinin sağalmaz zərbə aldığı gündür.

Bu müqəddəs gün, Allahdan Şəhidlərimizə  rəhmət, Qazilərimizə şəfa diləyirəm.

Başda Müzəffər Ali Baş Komandan olmaqla, Azərbaycan xalqını təbrik edirəm.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

Visiontv.az