Sibiqa: Müharibənin bir günü Ukraynaya 450 milyon dollara başa gəlir
04.09.2026

Rusiya-Ukrayna münaqişəsi Ukraynaya gündə 450 milyon dollara başa gəlir.

Bu barədə Ukraynanın xarici işlər naziri  Andrey Sibiqa Qazaxıstanın "Ulysmedia.kz" nəşrinə müsahibəsində bildirib.

"Müharibənin bir günü bizə 450 milyon dollara başa gəlir", - nazir deyib.

Onun sözlərinə görə, hazırda Kiyev və Moskva arasındakı sülh prosesində heç bir dinamika yoxdur.

"Biz sülh prosesində dinamikaya malik deyilik, bu müharibəni bitirə bilmirik. Ukrayna hazırdır və sülh səylərinə sadiqik. Biz bunu bütün beynəlxalq platformalarda dəfələrlə demişik. Biz atəşkəsə, qeyd-şərtsiz atəşkəsə hazırıq", - Sibiqa deyib.

XİN başçısı həmçinin qeyd edib ki, Kiyev prezidentlər səviyyəsində görüşə hazırdır.

"Biz istənilən qarşılıqlı fəaliyyət formatına hazırıq. Hesab edirik ki, bu müharibəni dayandırmaq üçün məhz diplomatiya indi yeni güc, yeni dinamika qazanmalıdır. Biz hazırıq, bunu bəyan edir və təklif edirik", - o qeyd edib.

Onun sözlərinə görə, Kiyev heç vaxt Ukraynanın ərazi bütövlüyü bahasına olan heç bir təklifi qəbul etməyəcək: "Bu, istisnadır".

Nazir həmçinin vurğulayıb ki, yaxın vaxtlarda  ABŞ Prezidentinin xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir.

"Biz  Amerika danışıqlar qrupu nümayəndələrinin gəlişini gözləyirik. Biz onlardan ideya, yeni ideyalar, təkliflər paketi almışıq, Ukrayna onlarla bu layihə üzərində işləyir. Buna görə də görüş mütləq baş tutacaq. Cənab Donald Tramp və  ABŞ tərəfi bu gün sülh səylərimizdə əsas diplomatik xətt kimi çıxış edir. Lakin biz indi  Avropanın yeni rolu barədə də danışırıq. Avropalı müttəfiqlərimizin rolu bizim üçün vacibdir. Bunlar alternativ deyil, bir-birini tamamlayan xətlərdir. Ukrayna sülhə nail olmaq üçün hər bir fürsətdən istifadə edir", - Sibiqa əlavə edib.

visiontv.az