Sərt karantin rejimi yaxınlaşır?- Yoluxma ilə bağlı göstəricilər...
03.03.2021

Son günlər ölkədə COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində karantin tədbirlərinin yenidən sərtləşdiriləcəyi xəbərləri yayılmaqdadır. Bu barədə rəsmi şəkildə təsdiq olmasa da, heç təkzib də edilmir. "Əgər elə bir məlumat olarsa, onunla bağlı ictimaiyyətə məlumat veriləcək",-deyə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Report”a deyib.

Ümumiyyətlə, belə xəbərlərin yayılması üçün əsas varmı ?

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən gün ölkə ərazisində COVID-19-a 352 yoluxma halı aşkar edilib ki, bu da yanvarın 16-dan indiyədək ən yüksək göstəricidir.

Yeni sağalananların sayı isə 143 nəfər olub ki, bu da aktiv xəstə sayının 209 nəfər artaraq 2807-yə yüksəlməsindən xəbər verir. Aktiv xəstə sayı fevralın 20-dən bəri 648 nəfər və ya 30 faiz artıb.

Bundan başqa aşkar olunan yoluxma faktlarının test sayına nisbəti də artıb. Belə ki, fevralın 20-də açıqlanan məlumatda hər 56 nəfərdən birinin test nəticəsi pozitiv çıxsa da, ötən gün bu göstərici 23-ə yüksəlib.

Lakin sərt karantin rejiminin yanvarın 18-dən etibarən yumşaldılmasını nəzərə alanda, həmin vaxtdan indiyədək aktiv xəstə sayı 5791 nəfər və ya 3 dəfədən çox azalıb. Yanvarın 18-də test edilmiş hər 29 nəfərdən birində virus aşkar edilmişdi.

Görünəni odur ki, fevralın 20-dən indiyədək aktiv xəstə sayının dinamikasında, eyni zamanda, pozitiv çıxan nəticələrin ümumi test sayına nisbətində artım olsa da, yumşalmaya başlanılan dövrlə müqayisədə vəziyyətin kritik həddən aşağıda olması yaxın günlərdə sərt tədbirlərin tətbiq edilməsi ehtimalını azaldır.

Bununla belə fevralın 20-dən bəri müşahidə edilə dinamika yoluxmanın yenidən sürətlə artmaqda olmasından xəbər verir.