Şərqi Azərbaycanda işsizlərin sayı açıqlanıb
10.05.2024

Şərqi Azərbaycan əyalətində hazırda 107 min nəfər işsizlikdən əziyyət çəkir.

Bunu əyalətin valisi Malik Rəhməti rəsmi statistikalara istinadən deyib.

"Əyalətdə işsizlərin 75%-i 6 şəhərin payına düşür, bu problemi həll etmək və işsizlik səviyyəsini azaltmaq üçün həmin şəhərlərdə işsizliklə bağlı plan hazırlanmalıdır",- vali bildirib.

Valinin bu çıxışı bu sahə üzrə ekspertlərin etirazına səbəb olub.

Onlar valinin rəsmi istatistikalara əsasən verdiyi işsiz sayının həqiqəti əks etdirmədiyini, Şərqi Azərbaycanda işsiz şəxslərin sayının rəsmi rəqəmlərdən bir neçə dəfə çox olduğunu deyirlər.

Bundan əvvəl İbrahim Rəisi də Şərqi Azərbaycana səfəri zamanı əyalətdə işsizliyin sıfır səviyyəsinə endiyini iddia etmişdi.

Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad isə buna etiraz edərək məsələ ilə bağlı statistikanın saxtalaşdırıldığını söyləyib.

"Bu cür yanlış statistikanın verilməsi hökumətin əyalətə kifayət qədər diqqət yetirməməsinə səbəb olacaq.

Hazırda Şərqi Azərbaycanda universitet məzunları arasında işsizlik səviyyəsi olduqca yüksəkdir",- millət vəkili bildirib.

Bununla yanaşı Şərqi Azərbaycanın Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin başçısı Hüseyn Fəthinin verdiyi məlumata görə, 15-34 yaş arası gənclər arasında işsizlik göstəricisi 21%-dir.  

Hüseyn Fəthi Şərqi Azərbaycanın universitet məzunlarının 68 faizinin işsiz olduğunu söyləyib.

Buna səbəb isə bölgədə müxtəlif infrastruktur problemlərinin olduğu, sərmayə cəlb olunması, yeni iş yerlərinin açılması üçün yetərli tədbirlər görülməməsidir.

visiontv.az