Şimal yarımkürəsində payızın, Cənubda isə baharın başlanğıcıdır. Azərbaycan Qriqorian təqvimindəki doqquzuncu ayın adını ruslardan, ruslar almanlardan, almanlar isə latın dilindən götürüblər.
“Septem” latınca “yeddi” deməkdir. Qədim Romada yeni il martdan başladığı üçün yeddinci aya “september” deyilirdi. Maraqlıdır ki, qədim Slavyan təqvimində də sentyabr ilin 7-ci ay idi.
Tarixçi Svetoniy yazır ki, Roma Senatı sentyabr ayının adını dəyişdirərək Tiberius qoymağı təklif edir. İmperator Tiberius (Tiberius Julius Caesar Augustus, e.ə. 42-b.e. 37) təklifə etiraz edərək, müdrik bir söz deyir: “13 Sezarınız olsa nə edəcəksiz?”...
Türklər sentyabr ayına “Eylül” deyirlər. Eylül süryani dilində "üzüm", "üzüm ayı" anlamını verən "Aylül" sözündən gəlir. Yəhudi təqvimində isə İlul və ya Elul yazılır, adını Babil dilindən götürüb və “biçin” deməkdir. Yəni Eylül ayı əkdiklərimizi biçmək, toplamaq ayıdır.
İbrahim Nəbioğlu
visiontv.az