İmam Hüseyn və Mübariz İbrahimov
23.06.2026

Məhərrəm ayıdır, bu günlər bütün həyatını inam və iman, müasir anlamda ideya uğrunda mübarizəyə həsr edən, bu yolda şəhid olan bir insanın – İmam Hüseynin anım günləridir. İdeya uğrunda ölümə getmək hər kişinin işi deyil, İmam Hüseyn təbii ki, böyük adamdır. Onun anım günü hər il qeyd olunur və olunmalıdır. Çünki bu, müsəlman aləminin qəhrəmanlıq səlnaməsidir, müqəddəs ideya uğrunda ölümə gedən bir KİŞİnin hekayəsidir.

Mən ömrüm boyu dini xurafatdan uzaq olsam da, mahiyyətcə teist olmasam da, ateist də deyiləm. Allaha yaradıcı varlıq kimi yox (bütün varlıqlar ölür), qurucu sistem kimi inanıram və bununla fəxr edirəm. Allaha inamı insanlığın vizit kartı hesab edirəm. Hətta güman edirəm ki, şüurlu İNSAN Engelsin dediyi kimi əməyin yox, Allaha inamın bəhrəsi, nəticəsidir. Amma düşünürəm ki, inam da bütün ali dəyərlər kimi dərk olunan bir zərurətdir. Dərk olunan inam insanı müdrikliyə gətirdiyi kimi, dərk olunmayan inam da köləliyə aparır.

Bizim Qarabağ müharibəsi də yalnız torpaq uğrunda mübarizə deyildi, bu, inam, iman uğrunda, müqəddəs ideya uğrunda bir müharibə idi. Bu müharibədə bizim İmam Hüseyn kimi neçə-neçə qəhrəmanımız olub, Vətən uğrunda şəhid olub. Axı, Vətən uğrunda ölümə gedən Mübariz İbrahimov da kişilik məktəbidir, qəhrəmanlıq səlnaməsidir. İmam Hüseyn hakimiyyət və ədalət uğrunda, Mübariz İbrahimov Vətən və millət yolunda şəhid olub. Amma İmam Hüseyn müsəlmanlarla, Mübariz İbrahimov ermənilərlə mübarizə aparıb. Təsəvvür edin ki, İmam Hüseyn şəhid olanda 53, Mübariz İbrahimov 23 yaşında olub. Əlinizi ürəyinizin üstünə qoyun, deyin hansı yaşda ölmək daha çətindir?!

Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, İmam Hüseynin Kərbəladakı qəbrini hər il 25 milyon insan ziyarət edir. Amma Mübariz İbrahimovun Biləsuvardakı qəbrini hər il 25 min adam ziyarət edirmi?! Axı, bu kişi də faktiki olaraq, bizim imamımızdır, şəhidlik sınağından keçib müqəddəslik zirvəsinə ucalan insandır. Amma biz onu hər gün, hər ay, heç olmasa, ildə bir dəfə - anım günlərində yad edirikmi, edə bilirikmi, elliklə qəbri üstünə gedirikmi?! Niyə getmirik, niyə yad etmirik?

Və son olaraq. Dostlar, təklif edirəm ki, xeyriyyə məqsədi ilə keçirilən qanvermə aksiyası İmam Hüseynin yox, Mübariz İbrahimovun anım günündə keçirilsin. Axı, bizim Vətənimiz, millətimiz uğrunda can verən, qan verən Mübariz İbrahimovdur...

Qalib ARİF

visiontv.az